Avropa Birliyinin Energetika üzrə Komissiyası “Cənub axını” layihəsinin tikintisini qurumun qanunlarına uyğun saymadığını bildirib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Avropa komissiyası Bolqarıstanı Rusiyanın “Cənub axın” təbii qaz kəməri tikintisi ilə bağlı işləri dayandırmağa çağırıb.
İyunun 3-də komissiyanın təmsilçisi Sabina Berger bu haqda açıqlama verərək, deyib: “Avropa Birliyinə üzv dövlətlərlə Rusiya arasında “Cənub axını” qaz kəməri üzrə müqavilə qurumun qanunlarına uyğun deyil. Qanunvericilik tədarükçünün kəmərə nəzarət etməsinə yol vermir. Avropa Komissiyası Rusiyanın “Qazprom” şirkətinin iştirakı ilə gerçəkləşən bu layihəni yasaqlamasa da, AB-nin enerji təhlükəsizliyi baxımından məsələnin yenidən nəzərdən keçirilməsində israr edir”.
Mənbə xatırladıb ki, Krımın Rusiya tərəfindən ilhaqından sonra sözügedən qaz kəmərinin tikintisi layihəsinin təsdiqlənməsi prosesi dayandırılıb.
Məlumata əsasən, “Cəunb axını” “Qazprom”-un infrastruktur layihəsidir. Bu kəmər Ukrayna ərazisindən Qara dənizə, oradan isə Cənubi və Mərkəzi Avropaya uzanmalıdır.
Təbii qazın axını 2015-ci ilin sonuna planlaşdırılıb. 2018-ci ildən isə layihənin tam gücü ilə işləməsi nəzərdə tutulub.
Qara dəniz sahəsində kəmərin uzunluğu 930 km -dir. Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və İtaliyayadək uzanacaq kəmərin qurudakı uzunluğunun 1455 km yaxın olduğu bildirilib.