Ukraynanın mərkəzi hissəsində Rusiyadan Avropaya qaz daşıyan kəmərdə partlayış olub.
İyunun 17-də baş verən partlayışda zərər çəkən olmayıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, partlayışın baş verdiyi Urenqoy-Pomorı-Ujqorod kəməri ilə Rusiyadan Macarıstana, oradan da Avropanın başqa ölkələrinə ildə 29 milyard kub metr qaz daşınır.
“Qazprom” şirkətindən “Reuter”-ə bildirilib ki, kəmərdə partlayış Avropaya çatdırılan qazın miqdarına təsir etməyəcək, çünki bu, əsas kəmərə paralel xətdir.
Ukrayna fövqəladə hallar üzrə qurumunun təmsilçisi Svetlana Rıbalko partlayışın baş verməsinə səbəb kimi germetikliyin pozulmasını göstərib.
Ukraynanı müvəqqəti daxili işlər naziri Arsen Avakov baş verən olayla bağlı bir neçə versiya üzərində araşdırma aparıldığını söyləyib: “Terror aksiyası olduğu da istisna edilmir. Yerli sakinlər bildirib ki, yanğından öncə iki güclü partlayış eşidiblər. Partlayış isə qəsd ehtimalının olduğunu təsdiqləyir”.