Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukraynada fəaliyyətini dayandırıb
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşının Donbasda həlak olması səbəbindən Ukraynanın bütün ərazisində fəaliyyətini bir neçə günlük dayandırıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz əməliyyat fəaliyyətimizi bir neçə günlük dayandırdıq. Bizim üçün hazırda ən əsas məsələlər – Donetskdə olan nümayəndələrimizin təhlükəsizliyini və həlak olan əməkdaşımızın cənazəsinin İsveçrədəki ailəsinə tez bir zamanda çatdırılmasını təmin etməkdir”, deyə BQXK-nın Ukraynadakı mətbuat katibi Alina Mirzoyeva bildirib.
Xatırladaq ki, BQXK əməkdaşı, 38 yaşlı İsveçrə vətəndaşı Loran Etyen dü Paskye oktyabrın 2-də Donetsk mərkəzinin atəşə tutulması nəticəsində həlak olub.
Rəsmi Kiyev baş vermiş hadisədə separatçıları günahlandırıb.