İraqda İŞİD tərəfindən qaçırılaraq qul kimi satılan 15 yaşlı yezidi qız başına gələn müsibətlər haqda danışıb. Lent.az-ın xəbərinə görə, Türkiyəyə qaçan, ailə üzvlərinin terrorçuların əsirliyində olduğu üçün adını gizli saxlayan yezidi qız “Assoşeyted Press” ə müsahibəsində İraqın şimal-qərbində Sincar dağlarında yaşayarkən İŞİD tərəfindən girov götürüldüyünü bildirib: “Məni qaçırandan sonra Mosula gətirərək fələstinli kişiyə satdılar. Həmin adamı vurub qaçmaq istəyərkən İŞİD-in döyüşçüləri məni tutdu. Bundan sonra, yenə məni min dollara Səudiyyə Ərəbistanından olan bir kişiyə satıdılar”.
Səudiyyə Ərəbistanından olan kişinin çayına dərman atıb xilas olduğunu söyləyən 15 yaşlı qız Türkiyəyə gələn bir nəfərin köməkliyi ilə xilas olduğunu qeyd edib: “Yüzlərlə qadın İŞİD-in əlindədir. Onlar qul kimi satılır. İraqdan qaçırılan qızları Suriyada satırlar. İŞİD-in döyüşçüləri 5 yaşlı, hətta 5 yaşından aşağı qız uşaqlarını zorlayır. İki az yaşlı bacım terrorçuların əlindədir. Atamın, qardaşımın aqibətindən xəbərsizəm”.