Çexiya mətbuatında Dağlıq Qarabağ münaqişəsinə aid üç məqalə dərc edilib
23 iyun 2014 18:51 (UTC +04:00)

Çexiya mətbuatında Dağlıq Qarabağ münaqişəsinə aid üç məqalə dərc edilib

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici ölkə QHT-ləri üçün elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olan Çexiyanın “Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi” həyata keçirdiyi “Azərbaycan mirvarisini kəşf edək” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. Sürətlə inkişaf edən  Azərbaycanı müasir Avropanın ayrılmaz hissəsi kimi Çexiya ictimaiyyətinə təqdim edən “Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi” ölkəmizin dövlət müstəqilliyi illərinin ilk çağlarından üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırır.

Belə ki, Mərkəzin ekspertləri Çexiyanın nüfuzlu informasiya portallarından biri olan www.lidovy.cz saytında “Dağlıq Qarabağ: təcavüzkar Ermənistan cəzasız qalıb” adlı məqalədə münaqişənin səbəb və nəticələrinə toxunaraq, onun konkret olaraq Azərbaycana və bütövlükdə regional əməkdaşlığa necə böyük ziyan vurduğunu, eləcə də təcavüzkar Ermənistanın ayrı-ayrı supergüclər tərəfindən ədalətsizcəsinə dəstəkləndiyini  açıqlamışlar. Məqalədə qeyd edilir ki, münaqişənin həllinin onilliklər boyu uzadılması ATƏT-in sülhyaratma institutlarının qeyri-effektiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Mərkəz ekspertlərinin digər bir internet resursu www.denik saytında dərc etdikləri “Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə necə mane olur” adlı məqalədə böyük insan tələfatlarına və dağıntılara səbəb olmuş bu münaqişədə keçmiş imperiya mərkəzinin oynadığı rol yetərincə işıqlandırılır. Məqalədə qeyd edilir ki, Azərbaycan tərəfinin sülhpərvər addımlarına baxmayarq, münaqişə daimi gərginlik ocağı kimi kənardan idarə edilir və atəşkəs rejimində də hərbçilərin və cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların öldürülməsi davam edir.

“Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi”nin ekspertləri layihə çərçivəsində daha bir məqaləni Xocalı soyqırımı haqqında hazırlayaraq nəşr etmişlər. Çexiyanın ən çox oxunan www.ceşke.moviny saytında dərc olunmuş “20 il öncə törədilmiş Xocalı soyqırımının aktuallığı” məqaləsində 1992-ci il Xocalı qətliamının təfsilatı açıqlanır. Məqalədə qeyd edilir ki, erməni silahı birləşmələri Dağlıq Qarabağda yerləşən nizami rus hərbi alayının köməyilə gecə hücum edərək dinc şəhəri yerlə-yeksan etmiş, minlərlə sakini vəhşicəsinə qətlə yetirmişlər. Məqalədə Xocalı faciəsinin bir sıra dünya ölkələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı kimi tanınması və 26 fevral tarixinin Azərbaycan xalqı üçün böyük hüzn günü olduğu vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar