“Azərbaycan İranın mövqeyinə üstünlük verir və bu ölkə ilə siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrini genişləndirmək niyyətindədir”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib.
Onun sözlərinə görə, Azərbaycan İranın dincməqsədli nüvə enerjisindən faydalanmaq hüququnu tanıyır, prezident İlham Əliyev də İran səfəri zamanı bunu bəyan edib: “Bu mövqe də Azərbaycanın ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu mövqeyə hörmət göstərməsində müşahidə olunur”.
C.Axundov həmçinin İran vətəndaşları üçün vizanın tamamilə aradan qaldırılması məsələsinə də toxunub: “Münasib zamanda tələb olunarsa, Azərbaycanın İrandakı səfirliyi viza verilməsi məsələsində tərəddüd etməyəcək”.
Səfir vurğulayıb ki, hazırda Aslanduz sərhəd-keçid məntəqəsinin açılması hər iki ölkənin məsul orqanlarının iş proqramına daxil olan məsələlərdən biridir.