Dünyada yüz minlərlə otel var. Hərəsi bir dizaynda, bir görkəmdə, müxtəlif qiymətlərə. Amma dünyada elə otellər var ki, onların heç harada bənzəri yoxdu, öz orjinallığı ilə seçilir. Elə bu tip nadir otellərdən bəhs edəcəyik.
Məsələn, kitabxana otel. ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən belə bir otel var. Bu oteldə olan kitabların sayı 6 mindən çoxdur. Qonaqların qaldığı nömrələrdə xüsusi kitab rəfləri var. Ümumilikdə, otelin və nömrələrin dizaynı mütaliə etmək istəyən insanlar üçün olduqca komfortludur.
Kapsul otellər. 80-ci illərdən Yaponiyada yaranan bu otellər həm ucuz, həm də sərfəli olmaqla bərabər dizaynı və qeyri-adiliyi ilə diqqəti cəlb edə bilmişdi. Qonaq otelə ayaq qoyan kimi ayaqqabılarını çıxarmalı və baqajı da varsa, hamısını ayrı-ayrı şkaflara qoymalıdır. Burada duş almaq və yatmaq üçün olan yerlər də ayrıdır. Həmçinin qadınlar və kişilər eyni mərtəbələrdə yerləşdirilmirlər. Yatmaq üçün olan otaqlar isə kapsul formalı, tək yataqlıdır.
Mağara otellər. Türkiyə, Fransa, İtaliya, Yunanıstan, ABŞ kimi ölkələrdə mövcud olan bu otellər həm qeyri-adi, həm də ən yaxşı otellər sırasındadır. Bu otellərin özəlliyi isə mağaraların təbii görünüşünün çox az dəyişilməsi və təbiiliyin saxlanmasındadır.
Çadır otellər. İlk olaraq insanın ağlına adi bir çadır gəlsə də, bu cür otellərin dizaynını və harda yerləşdiyini gördükdən sonra bütün fikirlər dəyişir, əlbəttə ki müsbət formada.
Mobil otellər. Brazilyanın San Paulo şəhərində böyük nəqliyyat vasitələrinin üzərində otel qurulur. Günün müxtəlif saatlarında şəhərin müxtəlif yerlərində olan bu otel 28 nömrədən ibarətdir.
Buz otellər. Adından da göründüyü kimi bu otellərdəki nömrələrdə hər şüy buzdan hazırlanır. İçəridə, buz yataqda isə xüsusi geyimdə yatmalısan.
Günel Bədəlova