"2012-cü ildə Avropa Olimpiya Komitəsinin Bakıda ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edəndə biz çox sevindik. Çünki Azərbaycan bizim üçün dost və ən yaxın ölkədir. Bu qərarın qəbulu isə təbiidir. On illərlə Azərbaycan idmanın inkişafı üçün mükəmməl baza yaradıb. Bu gün nəinki Bakıda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında idman kompleksləri tikilir, beynlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilir. Biz inanırıq ki, Bakı ev sahibi kimi I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək." Bunu APA-nın Gürcüstan bürosuna müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Elquca Berişvili deyib.
E. Berişvili bildirib ki, I Avropa Oyunları yüksək səviyyədə keçirilməli olan, məsuliyyətli bir tədbirdir: “Mən Azərbaycana və onun prezidentinin gücünə inanıram. Mən prezident İlham Əliyevlə 2000-ci ildə Sidneydə keçirilən Olimpiyadada tanış olmuşam. O, həm də Azərbaycan Olimpiya Komitəsinin prezidentidir, Bakıda keçiriləcək I Avropa Oyunlarının təşklatçısı isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Bizdə Azərbaycanın idmana və I Avropa Oyunlarına ciddi və məsuliyyətlə yanaşdığı barədə ətraflı məlumat var. Bu da zəmanət verir ki, Oyunlar yüksək səviyyədə keçiriləcək”.
E. Berişvili ölkəsinin I Avropa Oyunlarına ciddi hazırlaşdığını da qeyd edib: “Bakıda keçiriləcək Oyunlar bizə həm də ən güclü idmançılarımızı seçib, Braziliya Yay Olimpiyadasına hazırlamağa kömək edəcək”.
O, Bakıda iştirak edən heyətin tam əksəriyyətinin müəyyənləşdiyini də qeyd edib: “Biz bu oyunlarda 13 idman növü üzrə 110-a qədər idmançı ilə təmsil olunacağıq. Bakıya rəhbərlik və administrativ klub üzvləri, tibbi, texniki personalla birlikdə 200 nəfərlik nümayəndə heyəti səfər edəcək”.
E. Berişvili deyib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin də tədbirlərdə iştirak edəcəyi dəqiqləşib: “Məndə olan məlumata görə, Gürcüstan prezidentiGeorgi Marqvelaşvili də dəvət alıb. Həmçinin Tiflis şəhər meri David Narimania, digər dövlət və hökumət rəsmiləri də Bakıda keçiriləcək I Avropa Oyunlarına baxmağa gedəcəklər”.
Gürcüstan Olimpiya Komitəsinin vitse-prezidenti deyib ki, onlar Oyunlarda dünya şöhrətli idmançıları ilə iştirak edəcəklər: “Cüdo üzrə dünya və Avropa çempionları Avtandil Çirikişvili, Varlam Liperteliani, dəfələrlə Avropa və müxtəlif prizlərə sahib olan Laşa Şavdatuaşvili, güləş üzrə idmançılarımızdan Avropa çempionu, Olimpiya Oyunları prizlərinin qalibi Vladimir Xinçeqaşvili, Avropa çempionatlarının prizlərinin qalibi Qeno Petriaşvili, güllə atıcılığı üzrə dəfələrlə Dünya və Avropa çempionu Nino Salukvadze və başqaları "Bakı-2015" ilk Avropa Oyunlarında güclərini sınayacaqlar. Mayın 20-də bir daha yığıncaq keçirirək aidiyyatı orqanlarla, məşqçilərlə ətraflı söhbət edəcək və imkanlarımızı müzakirə edəcəyik. Biz həmçinin söhbətlərlə yox, yarışları bir daha sınaqdan keçirirməklə idmançılarımızın təcrübəsini yoxlayır və qarşıya çıxan problemlərimizi həll edirik. Bütün idman cəmiyyətləri tez və qısa vaxt ərzində çatışmazlıqları həll edir və yekunda qələbə ilə qayıtmaq üçün bütün qüvvələrimizi səfərbərliyə alırıq".