Böyük Britaniyanın baş naziri Devid Kemeron 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının iştirakçılarına təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, məktubda deyilir: “Mən Böyük Britaniya və Azərbaycan arasında möhkəm münasibətlər ilə fəxr edirəm. Ticarət əlaqələri həmin münasibətlərin mühüm əsasıdır və Böyük Britaniya şirkətləri xüsusilə neft və qaz sektoruna birbaşa xarici sərmayənin ən böyük mənbəyidir.
Enerji avropalıların yaşayışı, iqtisadi firavanlığı və inkişafı üçün həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən “Cənub” qaz dəhlizi olduqca vacib layihədir. 2013-cü il Trans-Adriatik kəməri üzrə böyük irəliləyiş və “Şahdəniz-2” layihəsinin işlənilməsi baxımından əsas il olub. Bu, möhtəşəm nailiyyət və bütün iştirakçı tərəflərin böyük səylərinin təntənəsi olub. Bu məqsədə nail olmaq üçün yorulmadan çalışanların hamısını təbrik edirəm. Eyni zamanda, Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub” dəhlizinin tam potensialının reallaşdırılması üçün 2014-cü ildə görüləcək işlər çoxdur. Lakın mən əminəm ki, bu hədəfə nail olunacaq”.
Baş nazirin məktubunda o da qeyd olunur ki, Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən gələcək bir çox illər üçün sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərən hər kəsə daha da böyük uğurlar arzulayıram. Fürsətdən istifadə edərək builki Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin bütün iştirakçılarına səmimi arzularımı çatdırıram. Əminəm ki, bu həftəniz uğurlu olacaq”.