Məşhur italyan rəssam Leonardo da Vinçinin “Mona Liza” əsərinin altında daha bir portret tapılıb.
Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, fransalı optika mühəndisi Paskal Kotte təxminən 10 ilə yaxındır apardığı araşdırma nəticəsində rəsmin yağlı boya qatlarının arasında başqa bir portretin olduğunu aşkarlayıb. O, həmin rəsmdə oturaq vəziyyətdə yan tərəfə doğru baxan fərqli bir qadın rəsminin olduğunu sübut edib. "Bu rəsmdəki qadın gülümsəmir, tamamilə fərqli bir qadındır. Daha dəqiq baxdığınızda orada burnu böyük, dodaqları incə və kobud əlləri olan qadını görmək mümkündür" - deyə, Kotte bildirib. Kot öz araşdırmalarında "sahələrin gücləndirilməsi" texnoloqiyasından istifadə edib.
Lakin əsərin saxlanıldığı Luvrda Kotun kəşfini şərh etməkdən imtina ediblər.
"Mona Liza" dünyada ən məşhur rəsm əsərlərindən biri sayılır. Leonardo da Vinçinin çəkdiyi bu rəsm əsərində təsvir edilmiş "sirli təbəssüm" bu gün də mütəxəssisləri və sənətsevərləri valeh edir. Rəssam əsər üzərində işə 1503-ci ildə başlayıb və onu bir neçə ildən sonra tamamlayıb.