Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl- Faysal İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra keçirdiyi mətbuat konfransında İraqın baş naziri Nuri əl-Malikinin bəyanatına münasibət bildirib.
Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o, deyib: “Səudiyyə Ərəbistanının terroru dəstəkləməsi ilə bağlı Malikinin dedikləri gülüncdür. Terrorla bağlı ən çox sıxıntı yaşayan, bu məsələdə beynəlxalq səviyyədə ən çox mübarizə aparan ölkələrdən biri bizimik”.
O, bildirib ki, Səudiyyə Ərəbistanı “İraq Şam İslam Dövləti”-ni “terrorçu təşkilat” olaraq, tanıyır. Faysal Səudiyyə Ərəbistanını «terrorda ittiham etmək yerinə” Malikini krallığın “gerçəkləşdirdiyi siyasəti izləməyə” dəvət edib.
Xatırladaq ki, ötən gün İraq hökuməti Səudiyyə krallığını İŞİD-i “silahlandırmaqda və ona mənəvi dəstək verməkdə” ittiham edən bəyanatla çıxış etmişdi.