“İranda qadınların yalnız cismi deyil, arzuları da zorlanır”
11 iyun 2014 07:46 (UTC +04:00)

“İranda qadınların yalnız cismi deyil, arzuları da zorlanır”

0

Mühacirətdə yaşayan İran əsilli jurnalist Məsih Əlinejadın təşəbbüsü ilə başlayan “Mənim gizli azadlığım” adlı kampaniya İslam Respublikasında  genişlənməkdədir.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, jurnalist xanım həmvətənlərini hicabsız foto çəkdirməyə çağırır.

 

Kampaniyanın “Facebook” sosial şəbəkəsində səhifəsini yarım milyondan çox insan bəyənib.

 

Mənbə bildirib ki, hakimiyyət bu kampaniyaya qarşı hücuma keçib.

 

İranın dövlət televiziyasında bildirilib ki, Əlinejadın bu hərəkata başlamasına səbəb onun seksual travma alması ilə əlaqədardır. İran TV-nin məlumatına əsasən, guya həmin qadını Londonda “oğlunun gözü qarşısında üç kişi zorlayıb”.

 

Rejim təmsilçisi TV-də açıq-aşkar M.Əlinejadı “fahişə” adlandırıb.

 

M.Əlinejad isə hakimiyyətin ona qarşı dediklərini “iftira” adlandıraraq, deyib: “Azadlığa can atan istənilən qadın İran hakimiyyətinin bu sayaq “cinsi zorlama”sına məruz qalacaq. Vətənimdə qadınların yalnız cismini deyil, onların arzularını da zorlayırlar”.

 

Xatırladaq ki, İran baş prokurorduğunun sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsüni-Ejei bu kampaniyaya işarə edərək, iyunun 9-da jurnalistlərə son vaxtlar ölkədə geniş vüsət alan hicabsızlıqdan danışıb.

 

O,  deyib ki, hicabsızlığı yayan və ya hicaba riayət etməyən qadınlara qarşı sərt tədbir görüləcək: “Biz bir qrup şəxsin cəmiyyətdə hicabsızlığı və həyasızlığı yaymasına icazə verməyəcəyik. Hüquq mühafizə qüvvələri ölkədə hicabsızlığı yayanlara qarşı sərt tədbir görməli və onun qarşısını almalıdır.

 

İran müsəlman ölkəsidir və qanun belə şeylərin yayılmasına imkan verməyəcək. Əgər bəziləri hicaba riayət etməsə və ya hicabsızlığı yaymağa çalışsa, hüquq mühafizə qüvvələri və məhkəmə orqanları işə qarışmalı, həmin şəxsləri məsuliyyətə cəlb edərək barələrində ciddi tədbir görməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2415

Oxşar yazılar