ATƏT mütəxəssisləri və əməkdaşlarından ibarət beynəlxalq qrup “Boeing 777”-in düşdüyü ərazidə sərnişinlərin yeni qalıqlarını aşkarlayıblar.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Donetskdə keçirilmiş brifinqdə ATƏT nümayəndə heyətinin rəhbəri Aleksandr Huq deyib.
“Bu gün hadisə yerində Hollandiya və Avstraliyadan gəlmiş 50-dən çox ekspert çalışıb. Bu, faciə baş verəndən bu vaxtadək ən məhsuldar gündür. Onlar hadisə yerində sərnişinlərin meyitlərinin yeni qalıqlarını aşkarlayıblar”, deyə Huq qeyd edib.
Onun sözlərinə görə, qalıqların aşkarlanması ekspertlərin əvvəllər bağlı olan fermaya girişinə icazə verildikdən sonra mümkün olub: “Ekspertlər bir dəqiqəlik sükutdan sonra öz işinə başlayıblar”.
Qalıqlar Xarkova göndəriləcək. Ekspertlər qrupu avqustun 2-də hadisə yerində öz işini davam etdirəcək.