“İran öz öhdəliklərini yerinə yetirib və bu, çox ümidvericidir”.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib.
Onun sözlərinə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son hesabatları da təsdiqləyir: “Müzakirələr çox mürəkkəb və çətindir. Lakin tərəflər arasında etimadın yaradılması və İranın hüququnun təmin olunması istiqamətində müsbət proses olub. İranla çox səmərəli və mühüm müzakirələri arxada qoyduq, hazırda çox həssas mərhələlərə yaxınlaşırıq. “Altılıq” ölkələri müəyyənləşdirilmiş zaman çərçivəsində İranla yekun nəticənin əldə olunması üçün bütün səylərini əsirgəməyəcək”.
V.Şerman ABŞ-la İran arasında əlaqələrin yenidən bərpası məsələsinə də toxunub: “İki ölkə arasında 30 ildən çox diplomatik münasibətlər olmayıb. Bir sıra məsələlərlə bağlı fikir ayrılıqları var. Ona görə də İran-ABŞ münasibətlərində dəyişikliklərin baş verməsi üçün xeyli zamana ehtiyac var”.