Cenevrədə Beynəlxalq Sülh Bürosunun (BSB) təşəbbüsü ilə “Hərbi xərclərə qarşı qlobal hərəkat günü” (GDAMS) ilə bağlı beynəlxalq seminar keçirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən Lent.az-a verilən məlumata görə, dünyanın 100-ə yaxın təşkilatının nümayəndəsi qatılan “Hərbi Xərclər və onların BMT-nin məqsədləri ilə əlaqələri” adlı bu ilki tədbir Stokholm Beynəlxalq Sülh tədqiqatı institutunun illik statistik göstəricilərə əsasən təşkil olunub. Bu barədə BAMF-nin sədri, BSB-nin Ali Şurasının üzvü Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, GDAMS 2011-ci ildə BSB və Siyasətşünaslıq İnstitutu tərəfindən yaradılıb. Məqsədi dünyanı müharibəsiz görməkdir.
Seminarın moderatoru Silahların Azaldılması üzrə Konfransın baş katibinin müavini və Cenevrə bölməsinin Tərkisilahlıq işləri ofisinin direktoru Jarmo Sareva, spikerlər isə konfransın katib əvəzi və BMT-nin Cenevrədəki ofisinin direktor əvəzi Mixail Müller (Michael Møller), Stokholm Beynəlxalq Sülh tədqiqatı İnstitutunun təmsilçisi Helen Viland – Wilandh, Beynəlxalq Sülh Bürosunun baş katibi Colin Archer və bərabər beynəlxalq qayda və demokratiyanın təşviqi üzrə BMT-nin İnsan hüquqları Şurasının azad eksperti Prof. Alfred de Zayas olublar.
Seminar ərzində bütün dünyada “Hərbi xərclərə qarşı qlobal hərəkat günü” ilə bağlı müxtəlif tədbirlər keçirilib və hərbi xərclərin insanların ehtiyacına sərf edilməsinə dair müxtəlif mesajlar verilib. Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutu qlobal hərbi xərclər üzrə statistikasını elan edərkən məlum olub ki, 2012-ci ildə hərbi xərclər 1.75 trilyon təşkil edib.