Fransada “А320” təyyarəsini qəsdən qəzaya uğratmaqda şübhəli bilinən 28 yaşlı pilot Andreas Lubits ümumilikdə 1,5 il psixiatr tərəfindən müalicə alıb.
APA-nın “TASS”a istinadın verdiyi xəbərə görə, bu barədə Almaniyanın Bild nəşrinə Lufthansa şirkətindəki mənbələr bildirib.
Qeyd edək ki, Marsel şəhərinin prokuroru Bris Roben bu gün təyyarənin qəsdən qəzaya uğradılması ilə bağlı şübhələr olduğunu deyib.
O köməkçi pilotun təyyarəni qəsdən aşağı sürdüyünü, qəza törətdiyini söyləyib. Hadisə baş pilotun kabinəni tərk etməsindən sonra baş verib.
Prokuror bildirib ki, yardımçı pilot qapını içəridən bağlayaraq baş pilotun kabinəyə daxil olmasına imkan verməyib, yəni qapını məqsədli şəkildə açmayıb. Bris Robenin sözlərinə görə, 20 dəqiqə davam etmiş uçuş zamanı pilotlar normal söhbət edib, onların danışığında heç bir şübhəli məqam qeydə alınmayıb.
Xatırladaq ki, Spiegel nəşri bir qədər əvvəl Andreas Lubitsin depressiyadan əziyyət çəkdiyini qeyd edib. “4U9525 saylı reysin ikinci pilotunun dostlarının məlumatına görə, Andreas Lubits 2009-cu ildə depressiya səbəbindən təhsilinə fasilə verib”, deyə jurnalist pilotun dostlarına istinadən bildirib.
Müəyyən müddətdən sonra Lubits “Lufthansa”nın təlim mərkəzində təhsilini davam etdirib və 2013-cü ildə pilot qismində uçuşlara cəlb edilib.
"Bild"in məlumatına görə, təhsildə fasiləyə səbəb gələcək ikinci pilotda psixi problemlərin yaranması olub. Məlumata görə, məhz dəfələrlə baş verən depressiyalara görə “Lufthansa” təlim mərkəzində (Feniks, ABŞ) Andreas Lubitsin təhsillə bağlı ciddi problemləri olub. O hətta bir müddət “uçuşa qeyri-yararlı” kateqoriyasına da daxil edilib. Nəşrin məlumatına görə, Andreas Lubitsdə psixi problemlərin olmasını daha bir fakt təsdiqləyir. Belə ki, onun Almaniya Federal Mülki Aviasiya Xidmətindəki şəxsi işində “xüsusi və müntəzəm tibbi müayinəyə ehtiyaclı” kimi qeyd var. Analoji qeydin Andreas Lubitsin pilot lisenziyasında da olduğu qeyd edilir.
Nəşr həmçinin “А320” təyyarəsinin göyərtəsində qəzadan əvvəl baş verənlərin bəzi təfərrüatlarını əldə edib. “Bild” qeyd edir ki, kabinəyə daxil ola bilməyən ekipaj komandiri qapını hətta balta ilə qırıb içəri keçməyə cəhd edib.