Çində polislər bir nəfərin itmiş “Vertu” markalı telefonunu tapıb özünə qaytarıb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, telefonun qiyməti 110 min dollara yaxındır. Telefon Lin soyadlı bir kişi tərəfindən Vençjou şəhərinin aeroportunda unudulub. Aparat qızıldan hazırlanıb və üstündə 800 brilyant olub. Telefon sahibi onun itdiyindən duyuq düşən kimi bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Axtarışlara başlamaq üçün polislər öncə aeroportdakı müşahidə kameralarının qeydiyyatına nəzər salıblar.
İlkin baxış zamanı müəyyən olunub ki,” Vertu”nu naməlum bir qadın götürüb. Qısa müddət sonra qadını Vençjou yaxınlığındakı kəndlərdən birində aşkarlayaraq aparatı ondan alıblar. Telefon sahibinin onu tapan üçün nəzərdə tutduğu 1625 dollar məbləğindəki mükafatdan polislər imtina edib. Buna bənzər hadisə Çində daha öncə də baş verib. Belə ki, 2014-cü ilin əvvəlində bir çinli taksi sürücüsü sərnişinlərdən birinin maşında unutduğu 27 min dolları ona qaytarmışdı.