İki gün əvvəl Ekvadorda baş verən hadisə bütün dünyanın diqqətini özünə cəlb edib.
Lent.az xəbər verir ki, yanvarın 9-da silahlı şəxslər ölkənin ən böyük şəhəri Quayakildə yerləşən “TC Television”nun binasına daxil olaraq, canlı yayımda xəbər buraxılışının studiyasına müdaxilə ediblər. Onlar telekanalın əməkdaşlarını girov götürərək 15-20 dəqiqə canlı yayımda olublar. Daha sonra Ekvador təhlükəsizlik qüvvələri binaya daxil olaraq girovları azad edib, 13 silahlı şəxsi həbs edib.
Amma bu yeganə kriminal insident deyil. Ekvador polisi yanvarın 8-i axşam ölkənin bir sıra şəhərlərində başlayan iğtişaşlar zamanı ümumilikdə 29 kriminal epizodun qeydə alındığını söyləyib. Son məlumatlara görə, iğtişaşlarda azı 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb yaxud girov götürülüb.
Ekvadorda nələrin baş verdiyini anlamaq üçün ilk növbədə 2023-cü ilin noyabrında ölkə prezidenti seçilən Daniel Noboanın 22 mütəşəkkil cinayətkar qrupu terror təşkilatı elan edən fərmanını qeyd etmək lazımdır. Kolumbiya və ABŞ-dan sonra ən çox narkotik vasitənin dövriyyədə olduğu Ekvadorda kriminal qruplaşmaların sayı və nüfuzu çoxdur. Təsadüfi deyil ki, təkcə 2023-cü ildə ölkədə 8 mindən çox qətl törədilib.
Hökumət rəsmiləri hesab edir ki, hücumlar Prezident Noboanın ekvadorlu kriminal qruplaşma liderlərinin yerləşdirilməsi üçün yüksək mühafizəli xüsusi həbsxana tikmək planına cavab olub.
Xüsusən, “Los Çoneros” qruplaşmasının lideri, “Fito” ləqəbli Adolf Masias bu mənada ölkəni bürüyən iğtişaş və xaosa görə xüsusi diqqət çəkir.
Məhz Masiasın həbsxanadan qaçışına görə yanvarın 8-də ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edilmişdi.
Xose Adolfo Masias Vilyamar 1979-cu il sentyabrın 30-da Manta şəhərində anadan olub. O 2005-ci ildə əsası qoyulan “Los Çoneros” qruplaşmasının üzvü olur. Qruplaşma narkotik ticarəti və quldurluqla məşğul olur.
“Los Çoneros”un yaradıcısı Xorxe Veliz İspaniyanın 2007-ci ildə qətlindən sonra o, qruplaşmanın əsas rəhbərlərindən biri olur. Amma bu zaman Adolfo Masias artıq həbsə idi. 2011-ci ildə o qətl və narkotik ticarəti ittihamı ilə 34 il müddətinə azadlıqdan məhrum olunur. Hətta 2013-cü ildə o, həbsxanadan qaça da bilir. Amma bir neçə həftə sonra təhlükəsizlik qüvvələri onu taparaq həbsxanaya qaytarır. Adolfo Masias 2020-ci l dekabrın 28-də Manta şəhərində 39 yaşlı Xorxe Luis Sambaronunun qətlindən sonra təşkilatın şəksiz rəhbəri olur.
O, qruplaşmanı həbsxanadan idarə etməyi bacarır. Adolfo Masias 2023-cü ilin avqustunda Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensioya sui-qəsdin təşkilində əsas şübəhli hesab olunur. Belə ki, Vilyavisensioya ölümündən 1 həftə əvvəl, “Los Çoneros”un lideri tərəfdindən təhdid olunduğunu açıqlamışdı.
Yanvarın 7-si axşam isə Adolfo Masias Quayakil şəhərində saxlanıldığı Litoral həbsxanasında qaçıb.
Onun saxlanılmadığı müddətdə Ekvadorda ciddi problemlərin qalacağı qeyd olunur.