Rusiyanın Ukraynada itirdiyi generallar – RƏSMİ SİYAHI
10 iyun 2022 18:30 (UTC +04:00)

Rusiyanın Ukraynada itirdiyi generallar – RƏSMİ SİYAHI

Rusiya ordusu Ukraynada hərbi əməliyyatlar başlayandan azı 4 generalının ölümünü rəsmən təsdiqləyib.  

Ukrayna tərəfi isə bu günə qədər Rusiya Silahlı Qüvvələrin fərqli qoşun növlərində xidmət edən 12 generalın ölümü barədə məlumat yayıb.

Amma öldüyü iddia edilən generallardan azı 2 nəfər – Maqomed Tuşayev və Andrey Mordiçevin sağ olduqları, periodik olaraq videokadrlarda göründükləri məlumdur.

Lent.az ölümü Rusiya rəsmiləri tərəfindən rəsmən təsdiqlənən generalların siyahısını təqdim edir:

General mayor Andrey Suxovetski

Rusiyanın 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general-mayor Andrey Suxovetskinin ölüm xəbəri martın 1-də təsdiqlənmişdi.

Generalın fevralın 28-də Ukraynada xüsusi hərbi tapşırığın icrası zamanı həlak olduğu bildirilmişdi.

Andrey Suxovetski 1974-cü ildə Ryazan şəhərində andan olmuşdu. 1995-ci ildə o, Ryazan Ali Hava-Desant Komandirləri Məktəbini, 2009-cu ildə Frunze adına Hərbi Akademiyanı, 2018-ci ildə isə Baş Qərargahın Hərbi Akademiyasını bitirmişdi.

O, 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya regionunda hərbi əməliyyatlarda iştirak edib, Şimali Qafqazda qanunsuz hərbi birləşmələrə döyüşdə iştirak edib. Suxovetski 2013-2014-cü illərdə Hava Desant Qoşunlarının 217-ci qvardiya alayının komandiri olub. Alay 2014-cü ildə Krımın ilhaqında aktiv iştirak edib.

2017-ci ildə isə general Suriya Ərəb Respublikasında hərbi əməliyyatlara qatılıb. Daha sonra 2019-cu ilin fevralından 2021-ci ilin noyabrına qədər 7-ci Hava Desant Diviziyasının komandiri olub.

2020-ci il dekabrın 10-da isə general-mayor ali hərbi rütbəsini alıb.  

Andrey Suxovetski 2021-ci ilin noyabrında Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini təyin olunmuşdu.

General-mayor Vladimir Frolov

Rusiyanın 8-ci Ümumqoşun Ordusunun komandan müavini, general-mayor Vladimir Frolovun ölüm xəbəri isə aprelin 16-da yayıldı. Həmin gün Sankt-Peterburq şəhər administrasiyası Vladimir Frolovun Serafimovsk qəbirstanlığında dəfni barədə məlumat yaymışdı.

“Bu gün biz əsl qəhrəmanla vidalaşırıq. Vladimir Petroviç Frolov ukraynalı millətçilərlə döyüşdə qəhrəmanlıqla həlak olub”, Sankt-Peterburq meri Aleksandr Beqlov mərasimdə söyləmişdi.

General-mayor Vladimir Frolovun şəxsiyyəti barədə ictimaiyyətə geniş məlumat verilməyib.

Onun 1960-cı illərdə andan olduğu, atasının İkinci Dünya Müharibəsi veteranı olması məlumdur.

Putinin Frolova general-mayor rütbəsini 2019-cu il dekabrın 12-də imzaladığı sərəncamla verdiyi məlumdur.

General-mayorun Ukraynanın Mariupol şəhərinin mühasirəsində iştirak edən 8-ci Ümumqoşun Ordusunun sıralarında olduğu və bu şəhərdə gedən döyüşlərdə aprelin 12-də həlak olduğu bildirilir.

General-mayor Kanamat Botaşev

İyunun 1-də Prezident Vladimir Putin istefada olan aviasiya general-mayoru Kanamat Botaşevə ölümündən sonra Rusiya Qəhrəmanı fəxri adını vermişdi. General-mayor Botaşevun idarə etdiyi Su-25 təyyarəsinin mayın 22-də Ukraynanın Popasnaya şəhəri istiqamətində gedən döyüş zamanı vurulduğu və onun həlak olduğu məlum olub. 

Kanamat Botaşev 1959-cu ildə Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Yeni Teberda kəndində doğulub.

O, öncə Həştərxanda dənizçilik məktəbində, daha sonra 1981-ci ildə Eysk şəhərində Ali Hərbi Aviasiya Məktəbinə, 1991-ci ildə isə Yuri Qaqarin adına Hərbi Hava Akademiyasına daxil olur.

Botaşev təyyarəçi kimi 1995-ci ildən Leninqrad vilayətindəki aviasiya divizionunun, daha sonra isə alayının komandiri təyin olunur.

2007-ci ildə o, Rusiya Baş Qərargahının Hərbi Akademiyasını bitirir. Növbəti il isə Prezident Putinin sərəncamı ilə Kanamat Botaşevə aviasiya general-mayoru ali hərbi rütbəsi verilir. O, 2009-cu ildə Qərb Hərbi Dairəsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə üzrə hərbi bazanın komandiri təyin edilir.

2012-ci il iyunun 28-də Su-27UB təyyarəsi hava kəşfiyyatına çıxır. Kareliyanın Prionejsk rayonu ərazisində Botaşev təyyarəni idarə edən polkovnik Yevgeni Oleynikdən idarəetməni təhvil alaraq havada uçuş fiqurları yerinə yetirməyə çalışır, bu zaman idarəetməni itirib.

Ekipaj 500 metr yüksəklikdə katapult edərək sağ qalsa da, Su-27UB təyyarəsi yerə çırpılaraq sıradan çıxır.

Bu insidentdən sonra o, 2013-cü ildə general-mayor rütbəsində ordu sıralarından xaric edilir. Petrozavodsk qarnizon məhkəməsi onu 4 il müddətinə şərti azadlıqdan məhrum edir və 5 milyon rubl cərimə təyin edir.

Ukrayna müharibəsi başladıqdan sonra 63 yaşlı istefada olan general-mayor “Vaqner” özəl hərbi şirkətinin sıralarında Su-25 qırıcı təyyarəsi ilə döyüşlərə qatılır. O, aprelin 18-dən döyüş bölgəsində 35 uçuş gerçəkləşdirərək 160-a qədər hərbi hədəfi vurur.

General-leytenant Roman Kutuzov

İyunun 5-də Rusiya daha bir generalının ölümünü təsdiqlədi. Bu barədə Rusiya İctimia Palatasının üzvü Sergey Borodin və hərbi müxbir Aleksandr Sladkov məlumat yaydılar. 43 yaşlı generalın Popasnaya rayonunu Nikolaevka kəndi istiqamətində döyüşdə həlak olduğu bildirilir.

General-mayor Roman Kutuzov Hava Desant Qoşunlarında xidmətə başlamışdı. 2002-2010-cu illərdə o, komandir kimi Moskva vilayətinin Şelkovsk rayonunda yerləşən Hava Desant Qoşunlarının 38-ci rabitə briqadasına rəhbərlik edib. Briqada Gürcüstan və Şimali Qafqazda antiterror əməliyyatlarına cəlb olunmuşdu.  

2014-2016-cı illərdə onun fəaliyyəti barədə məlumat məxfiləşdirilsə də, generalın bu dövrdə Ukraynanın şərqində separatçı “Donetsk və Luqansk Xalq Respublika”larına hərbi məsləhətçi kimi dəstək verdiyi iddia olunur.

2017-2018-ci illərdə Roman Kutuzov 5-ci Ümumqoşun Ordusuna komandanlıq edib, Yaxın Şərqdə çalışıb. Daha sonra 29-cu Ümumqoşun Ordusunda Qərargah rəisi kimi fəaliyyət göstərib.

2019-cu ildə Roman Kutuzovun Suriya Ərəb Respublikasında döyüşlərə cəlb olunduğu məlumdur.

Kutuzova ölümündən sonra general-leytenant ali hərbi rütbəsi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3759
avatar

Vüqar İsmayılov

Oxşar yazılar