Malayziyada Hedad Sultanlığından olan itkin düşmüş ailə çayda batan, içərisi su ilə dolu avtomobildə tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, iyulun 4-də Məhəmməd Azim İzət İsxaq, həyat yoldaşı Nurul və onların dörd övladı – böyüyü yeddi, kiçiyi isə cəmi altı aylıq olmaqla – kişinin bacısının yaşadığı Taman-Seri-Aman adlı yaşayış məntəqəsində qonaq olublar. Bacısı onları bir qədər daha çox qalmağa, yaxşıca dincəlməyə razı salmağa çalışsa da, onlar səhər saat altıya yaxın, təxminən 05:30-da erkən yola çıxmağa qərar veriblər.
Bir neçə saat sonra məlum olub ki, İsxaq ailəsi ilə birlikdə evə çata bilməyib. Onunla əlaqə saxlamaq mümkün olmayıb. İyulun 5-də qohumları polisə müraciət ediblər. İyulun 7-də isə yol kənarındakı çayın dibində, su ilə dolmuş avtomobildə kişi, qadın və uşaqlara aid cəsədlər aşkar edilib. Avtomobili tapmaq yalnız suyun səviyyəsi azaldıqdan sonra mümkün olub – çünki o zaman maşının damı suyun səthindən görünməyə başlayıb.
İstintaq müəyyən edib ki, güclü yağışlar nəticəsində çaydakı suyun səviyyəsi adi haldan daha yüksək olub və İsxaq sükanı itirərək avtomobili çaya aşırıb.