ASALA liderini İtaliya mafiyası ilə nə bağlayırdı?
27 dekabr 2021 13:00 (UTC +04:00)

ASALA liderini İtaliya mafiyası ilə nə bağlayırdı?

2008-ci il iyulun 14-də ABŞ-da təmtəraqlı toy mərasimi keçirilirdi. ASALA terror təşkilatının liderlərindən biri Murad Topalyanın qızı Daniela Vanqar Topalyan ABŞ-dakı İtaliya mafiyasının “xaç atası”, Qambino kriminal ailəsinin lideri Con Qottinin sabiq eks-kürəkəni Karmine Aqnello ilə ailə həyatı qururdu. Cütlük 2005-ci ildə həbsxana tanış olmuşdu Belə ki, Daniela Vanqar qanunsuz silah və partlayıcı maddə saxladığı üçün 37 ay müddətinə azadlıqdan məhrum olunan atası Murad Topalyanı həbsxanada ziyarət edən zaman orada vergidən yayınma və hədə-qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cəza çəkən Aqnello ilə aralarında münasibət yaranır. Daniela Vanqar Topalyan ilə Karmine Aqnellonun toy mərasimi italiyalı mafiozinin çoxsaylı malikanələrindən birində baş tutmuşdu. Mərasimdə İtaliya mafiyasının yüksək rütbəli şəxsləri, həmçinin, “Daşnaksütyun” partiyasının üzvləri, artıq o zaman fəaliyyətini dayandırmış ASALA terror təşkilatının keçmiş üzvləri və s. ekstremist elementlər iştirak edirdi. Qohum olan Murad Toplayanla Karmine Aqnellonun bioqrafiyalarına nəzər saldıqda bir sıra diqqətçəkən məqamlara rast gəlmək olar.

Lent.az ASALA terror təşkilatının rəhbərlərindən biri Murad Topalyanla ABŞ-dakı İtaliya mafiyasının önəmli simalarından olan Karmine Aqnellonun həyat yoluna bir daha nəzər salır.

1960-cı ildə Nyu-Yorkda anadan olan Karmine Aqnello gənc yaşlarından şəhərdəki 5 əsas italyan kriminal qruplaşmasından biri olan Qambino kriminal klanın (Gambino crime family) üzvü olur. 1984-cü ildə isə Karmine 2 ildən sonra klana başçılıq edəcək Con Qottinin qızı Viktoriya ilə ailə həyatı qurur. Mafiya bosunun qızı ilə evlilik Aqnellonun sürətli irəliləyişinə səbəb olur. O, sıravi üzvlükdən 1990-cı illərdə kapitan rütbəsinə qədər yüksəlir. 1994-cü ilin fevralında Aqnello ilk dəfə polis maşınına zərər verdiyi üçün saxlanılır. Həmin ilin iyununda isə Qambino klanının bir neçə üzvü ilə birlikdə polislə dalaşdıqları üçün yenidən saxlanılır. O, kriminal aktivliyi ilə seçilir və 1997-ci ildə telefon şirkətinin işçisini döydüyü üçün saxlanılır. Bu qısamüddətli həbslər Aqnellonun cinayətkar fəaliyyətində əsaslı maneə yarada bilməsə də 2000-ci il yanvarın 20-də keçirilən polis əməliyyatı kriminal avtoriteti ağır vəziyyətə salır. Aqnello restoran biznesindən tutmuş, metal alış-verişinə qədər fərqli sahələrdə şirkətlərə sahib idi və bu sahələrdə yeni açılan rəqib şirkətlərin sahiblərinə qarşı hədə və qəsdən yanğın törədilməsini təşkil edirdi. Cinayət faktına dair çoxsaylı sübutlar olduğu üçün Aqnello istintaqla təqsirinin tanınması müqabilində cəzasının yüngülləşdirilməsi barədə razılıq əldə edir və 2001-ci il oktyabrın 26-da 10 il müddətinə azadlıqdan məhrum olunur. 2002-ci ildə Qambino klanını rəhbəri Con Qotti həbsxanada xərçəngdən dünyasını dəyişir. 1 il sonra isə Qottinin qızı Viktoriya həbsdə olan ərindən boşanmaq barədə ərizə ilə məhkəməyə müraciət edir. Buna baxmayaraq, Karmine Aqnello 2008-ci il yanvarın 16-da vaxtından əvvəl həbsdən çıxır və yazının əvvəlində qeyd etdiyimiz kimi cəza çəkdiyi müddətdə tanış olduğu Daniela Topalyanla ailə həyatı qurur. Qeyd olunmalıdır ki, Aqnellonun Topalyanla nikahdan 2009-cu ildə oğlu da anadan olur. Cütlük 2009-cu ildən Klivlend şəhərində yaşayır. Aqnello burada avtomobil biznesi ilə məşğul olur. Kriminal xronikada isə onun adı sonuncu dəfə 2015-ci ilin iyulunda hallanır. Belə ki, 55 yaşlı Aqnello çirkli pulların yuyulmasında ittiham olunurdu. 2017-ci ildə o, yenidən istintaqla razılığa gedir. Nəticədə 10 milyon dollar cərimə ödəməklə həbsdən xilas olur. 

Digər tərəfdən, Karmine Aqnellonun qohum olduğu, qayınatası Murad Toplayanın bioqrafiyası Azərbaycan oxucusu üçün daha çox diqqət cəlb etməlidir. Belə ki, erməni millətçisi olan Topalyan ASALA terror təşkilatının ABŞ-dakı qanadına uzun illər rəhbərlik edib. Murad Topalyan 1943-cü ildə ABŞ-ın Los-Anceles şəhərində erməni ailəsində anadan olub. O, Kaliforniya Universitetinə daxil olduqdan sonra radikal “Daşnaksütyun” partiyasının aktiv üzvlərindən birinə çevrilir və erməni gənclərinin radikal mərkəzlər ətrafında toplamağa başlayır. Qondarma “erməni soyqırım”nın ABŞ və Türkiyə hakimiyyəti tərəfindən tanınmasını əsas siyasi qayəsi edən Toplayan bu məqsədlə zor tətbiqinə də yol verir. 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaranan ASALA terror təşkilatı fərqli ölkələrdə türk diplomatlarına silahlı hücum təşkil etməyə başlayır. Sonralar Murad Toplayanın radikal ideyalarını reallaşdırmaq üçün bu terror təşkilatına dəstək verməsi ictimaiyyətə məlum olur. Belə ki, 1970-1980-ci illərdə 160 partlayış və 32 türk diplomatının ölümü ilə nəticələnən silsilə terror aktını təşkil edən ASALA təşkilatı bəzi hücumlarını məhz ABŞ-da həyata keçirib. 1985-ci ildən sonra fəallığı azalan ASALA təşkilatının bir sıra hücumların əksəriyyətinin üstü açılmamış qalmışdı. Sonralar Murad Toplayanın bir neçə terror aktı ilə əlaqəsi üzə çıxır. O 1981-ci ildə Anahaym şəhərində konfrans zalında və Beverli Hils şəhərində Türkiyə Konsulluğu yaxınlığındakı partlayışlarda təqsirləndirilirdi. ABŞ Prokurorluğu 1976-1996-cı illərdə Topalyanın Nyu-York, Anahaym və Beverli Hilsdə partlayışlar təşkil etməsi, döyüş sursatı və partlayıcı maddələr istehsal edən zavodlardan oğurluq təşkil etməsi və s. şübhəli bilinirdi. “Toplayan və şəxsiyyəti məlum olan və olmayan daha bir neçə şəxs 1915-ci il hadisələrinə diqqəti cəlb etmək üçün mütəşəkkil cinayətkar dəstə formalaşdırmışdı”, - deyə ABŞ Prokurorluğunun hesabatında deyilirdi. 

Toplayana qarşı onun 2 keçmiş silahdaşı ifadə verməyə razı olaraq Toplayanın “Daşnaksütun” partiyasının Massaçusets ştatının Franklin şəhərində yerləşən yay düşərgəsində erməni gənclərə odlu silahdan atəş açmağa istifadə etdiyini bildiriblər. Çoxsaylı sübutlara rəğmən Toplayan təşkil etdiyi cinayət hadisələrinə görə, məhkum olunmur. Lakin 1999-cu ildə Bedford şəhərindəki evində Toplayanın böyük miqdarda partlayıcı maddə və odlu silah saxladığı məlum olur. İstintaqla əməkdaşlığa gedən Topalyan təqsirini tanımağa razı olur və 37 ay müddətinə azadlıqdan məhrum edilir. 78 yaşlı Murad Toplayan hazırda aktiv fəaliyyətlə məşğul olmur. 

Buna rəğmən, onun kürəkəni, hələ də mafiya ierarxiyasında önəmli yer utan Karmine Aqnello ilə sıx dostluq münasibətlərdə olduğu məlumdur. Erməni terrorçunu İtaliya mafiyası ilə birləşdirən əsas məqamlar isə pərdə arxasındadır və ABŞ hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırma tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799
avatar

Vüqar İsmayılov

Oxşar yazılar