2000 cinayət hadisəsini törətmək üçün insana neçə il lazım olar? Bu sahədə rekordun hansı şəhərdə qırıldığını bilirdiniz? 15 yaşlı oğlanın amansızlığı ölkənin bütün hüquq camiyəsini ayağa qaldırır. Onun əməli belə qiymətləndirilir “həddindən artıq qəddarlıq”.
Ətrafdakılar onu o qədər ələ salır, alçaldırlar ki, o da bunun qisasını çox pis alır. 4 yaşlı uşağın başına gələnləri sakit formada oxumaq mümkün deyil. İnsanın ayağının altından sanki “yer qaçır”...
Cinayət DOSYESİ – 011
Lent.az-ın “Cinayət Dosyesi” layihəsində sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim etməkdə davam edirik.
Onun hekayəsi milyonların marağına səbəb olmuşdu. 15 yaşlı oğlan 1978-ci ildə bir etirafla gündəm oldu. Heç kim inanmaq istəmirdi. Lakin acı reallıq bundan ibarət idi o, artıq 2000-dən çox cinayət işləmişdi.
Bu dəfəki yazımızın qəhrəmanı Villi Bosketdir. O, işlədiyi cinayətlərin sayına görə, Nyu Yorkda bütün rekordları qırmışdı.
Villi heç vaxt atasını tanımayıb. Sadəcə onun qatil olduğunu bilirmiş. Və yeniyetmə oğlan bunu “qəhrəmanlıq” hesab edib. Atasını özünün idealı bilərək cinayət aləminə meyl edib. Hesab edirdi ki, “kişilik” elə budur. Və bu yolda onu heç kim dayandıra bilmir.
Villi Bosket
Həmin vaxt ABŞ qanunlarında mövcud olan boşluq yeniyetmə oğlanın qol-qanadını daha da açırdı. Belə ki, həmin zaman ölkədə qüvvədə olan Cinayət Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanlar üçün cinayət məsuliyyəti nəzərdə tutulmamışdı. Buna görə də Bosket cibində bıçaq və tapança ilə cəsarətlə küçələrdə gəzə bilirdi. 1978-ci il martın 19-da o, ilk qətlini törədir. O, Moises Peresi odlu silahla qətlə yetirir. Bu qanlı hadisənin üstündən 8 gün keçir. Onu hələ heç kim yaxalaya bilməmişdi. Özünü yenilməz hesab edən Villi daha bir dəhşətli əməl törədir. O, martın 27-də ilk qurbanının qohumunu - Noel Peresi güllələyib öldürür.
Taleyin ironiyasına baxın ki, Villi Bosket çox güvəndiyi qanundakı boşluqlardan istifadə edə bilmir. Yeniyetmə birinin bu cür amansız ola biləcəyini görən ABŞ-ın hüquq camiyəsi ayağa qalxır. Necə ola bilər ki, biri amansızlıqla iki qətl törətsin, amma yeniyetmə olduğu üçün cəza almasın? Onun işi yetkinlik yaşına çatmayanlar üçün cinayət olmayan müddəaya yenidən baxılması üçün presedent yaratdı. ABŞ-da yeni qanuna əsasən, 13 yaşından kiçik uşaqlar həddindən artıq qəddarlıq etdikdə böyüklər kimi, mühakimə oluna bilərlər.
***
O, 13 yaşında idi və illərdi hamının gülüş obyektinə çevrilmişdi. Ətrafdakılar Erik Smiti qalın linzalı eynəkləri, çilləri, uzun qırmızı saçlarına görə ələ salırdılar. Hələ ən dözülməzi isə onun xüsusilə diqqət çəkən uzanmış qulaqlarına görə aşağılanması idi. Bəs bu oğlanın qulağı niyə bu qədər uzun idi? Həkimlər deyib ki, anası ona hamilə olarkən epilepsiya dərmanı içmək məcburiyyətində qalıb. Və bu dərmanın yan təsiri nəticəsində Erik “uzun qulaq” doğulub.
Erik Smit
Daima alçaldıcı münasibətlərə məruz qalan oğlanın psixologiyası ciddi formada pozulur. O Derrick Robbie adlı dörd yaşlı uşağa elə işgəncələr verir ki... Bu sarsıdıcı hadisə 1993-cü il avqustun 2-də gerçəkləşir. Körpəni əvvəlcə boğur, sonra başını böyük bir daşla parçalayır. Üstəlik, kiçik çubuqla uşağı zorlayır.
Erik Smit
Erik məhkəmədən əvvəl psixiatr qarşısına çıxarılır. Həkim deyir ki, o ciddi xəstədir. Belə ki, oğlana emosional qeyri-sabit şəxsiyyət pozuntusu diaqnozu qoyulur. Psixiatr izah edir ki, bu səbəbdən insan öz daxili qəzəbini idarə edə bilmir.
Erik Smit illər sonra
13 yaşlı oğlan törətdiyi cinayətə görə, məhkum edilir və xüsusi nəzarətdə olan xəstəxanaya göndərilir. Altı il həbsdə olduğu müddətdə beş dəfə müraciət etsə də onu şərti azadlığa buraxmaqdan imtina edirlər.
Lakin Erik həmişə medianın gündəmində olur. Onu daima nəzarətdə saxlayırlar. Buna görə də qəzetlərdə zaman-zaman onun fotolarına rast gəlmək mümkün idi.
Erik Smit illər sonra