Bəzi mehmanxanalar karantin tələblərini POZUB
14 oktyabr 2020 15:33 (UTC +04:00)

Bəzi mehmanxanalar karantin tələblərini POZUB

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda mehmanxanaların fəaliyyətinin təşkili qaydaları”na əməl olunması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birlikdə mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Lent.az-a verilən məlumata görə, oktyabrın 5-dən 13-dək Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 137 mehmanxanada reydlər keçirilib.

Reydlərin keçirildiyi 24 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb. Fəaliyyətində nöqsanlar aşkarlanan mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib.

Qida Təhlükəsizliyi Agentliyi sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bildirir ki, istehlakçıların və işçi heyətin   sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Hazırda mehmanxanalarda yoxlama-nəzarət, təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və  koronavirusla effektiv mübarizənin davam etdirilməsi üçün hər bir sahibkarlıq subyektinin qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

 

 

# 595
avatar

Aygün İbrahimli

Oxşar yazılar