İsveçdə yaşayan Azərbaycanlı yazıçı Vahid Qazi İsveç xarici işlər naziri Ann Lindeyə açıq məktubla müraciət edib.
Yazıçı müraciətində qeyd edib ki, atəşkəs məsələni həll etmir və onu növbəti döyüşlərə qədər dondurur. Buna görə də münaqişənin tək yolu erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxmasıdır.
Lent.az xəbər verir ki, Vahid Qazinin müraciətindən sonra İsveçin Bleking Länd Tindning qəzetinin kültür redaktoru İngemar Lönnbom ondan müsahibə alıb.
V.Qazi müsahibəsində bir çox vacib məqamlara toxunub. Bildirib ki, 26 ildir həll edilməyən münaqişə yenidən alovlanıb:
“Bu, lokal döyüş deyil, əsl müharibədir. Azərbaycanın şəhər və kəndləri bombalanır. Ölənlər arasında uşaqlar, qadınlar, qocalar var. Bu günlərdə Azərbaycanın Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə erməni mərmilərindən həlak olublar”.
Yazıçı İsveçin Dağlıq Qarabağ münaqişəsinə nə üçün qarışmalı olduğu sualına belə cavab verib:
“İsveç Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə başlayan müharibənin sülh yolu ilə çözülməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Mənim fikrimcə, problemin həllində İsveç də məsuldur. Amma təəssüf ki, Minsk qrupu 28 ildə sülhə nail ola bilməyib. Çünki qrupun daimi üzvlərindən biri Rusiya Ermənistana hərbi dəstək verib, ABŞ və Avropa Birliyi isə seyrçi mövqe tutub.
Ümid edirəm ki, İsveç konfliktin ədalətli həllinə öz töhfəsini verə bilər”.
Azərbaycanlı yazıçı verdiyi müsahibədə vurğulayıb ki, Azərbaycan hələ 30 il əvvəl Ermənistana bir neçə təklif irəli sürüb:
"Təklif edib ki, torpaqların işğalına son qoysun. Birlikdə Bakı neftini Avropaya daşıyacaq kəmərləri Ermənistandan çəkək, Qafqazı rifah içində yaşayan azad insanlar ölkəsinə çevirək. SSRİ dağılandan sonra Litva, Latviya, Estoniya kimi biz Qafqaz ölkələri də Rusiyadan uzaq durub avrointeqrasiya yolu tutaq. Təəssüf ki, Ermənistan Rusiyanın Qafqazda vassal dövlətinə çevrildi və biz tam azad ola bilmədik.
BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri var. Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin yeganə həll yolu budur.
Baxmayaraq ki, SSRİ dövründə ermənilər Ermənistandan 1 milyondan çox azərbaycanlını deportasiya ediblər, etnik təmizləmə aparıblar. İllərdir deyirdik ki, ermənilərə ən yüksək muxtariyyət verməyə hazırıq. İndi inanmıram, artıq Azərbaycan xalqı buna da razı ola.
Qısa deyim, əminəm ki, bu bölgəyə sülh Ermənistan öz qoşunlarını Azərbaycandan çıxarandan sonra gələcək”.