4159
19:07
18 İyun 2020

TƏBİB sədri: "Xəstə sayı sürətlə artır”

“Sərt karantin rejiminə bizi vadar edən epidemioloji vəziyyətdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, dünya ölkələrində koronavirusa yoluxma artır: “Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Bizim A, B və C variantlarımız var. Son iki həftədə tətbiq olunan məhdudiyətlərin hansı nəticə verməsinə gəlincə, bu addımlar da xarici ölkələrin təcrübəsinə əsasən atılmışdı. Bu, bizə uzunmüddətli məhdudiyyətlərin tətbiqinə vaxt qazanmağa imkan verdi”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, məhdudiyyətlər aprel ayında tətbiq olunan məhdudiyyətlərə bənzəyir: “Aprel ayında səhiyyə strukturları xəstəliklə mübarizəyə tam hazır deyildi. Düzdür, yetərincə çarpayı sayı vardı. Ancaq xəstəliyin nə dərəcə artması, əlavə çarpayı sayına ehtiyac olması, laboratoriya, avadanlıq, xəstəxanaların digər təminatları həyata keçirildi. Xəstələrin 15 faizi adətən, reanimasiya üçün nəzərdə tutulur”.

R. Bayramlı nəzərə çatdırıb ki, dünən xəstəxanalara baş çəkmək imkanı olub: “Xəstəxanaların oksigen sistemləri, generatorlar bu qədər xəstəyə hesablanmamışdı. Xəstəxanaların bir qismində generatorlar deyil, oksigen balonları istifadə olunurdu. Bununla əlaqədar generatorlar alınıb. Modul tipli xəstəxanalar yaradılıb, 7 minə qədər çarpayı hazırlanıb, ancaq bu gün 5 minə qədər xəstə var, virusa yoluxma sürətlə baş verir. Yeni yoluxanlarla sağalanlar arasında fərq artır, tibb müəssisələrinin üzərinə böyük yük düşür”.