29475
20:15
01 Aprel 2020

“Tabutun qapağını qaldıranda gördüm ki...” – Şəhid xanımı son günün dəhşətini danışır

Azayev Sərvər Sani oğlu 1967-ci il martın 3-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində də anadan olub. Orta məktəbi bitirəndən sonra Ukraynanın Lvov şəhərində hərbi xidmətdə olub. 1987-ci ildə hərbi xidmətdən geri dönərək, Gəmiqayırma zavodunda çilingər kimi çalışmağa başlayıb. 1990-cı il iyulun 8-də əmisiqızı Zümrüdlə ailə həyatı qurur. Bu evlilikdən onların Qəmər adlı bir qız övladı dünyaya gəlir. 1993-cü il martın 28-də könüllülərdən ibarət dəstə ilə birgə Kəlbəcərə yollanıb. 1994-cü il yanvarın 6-da Füzuli rayonu istiqamətində minaya düşərək şəhid olub.

Birinci Qarabağ müharibəsi dedikdə yadımıza 90-cı illərin qarğaşası, qarışıqlığı, ölkənin dörd bir tərəfinə səpələnən, öz torpağında evsiz-eşiksiz qalan insanlarımız, bir də ölüm-itimlər düşür. Həmin dövrdə az qala hər kəsin qapısını bir tabutla döyən əzrayıl yeniyetməyə, cavana, qocaya baxmır. Müharibənin vəhşəti ilə hər addımda bir can alırdı.

İndi qapısını döyəcəyimiz, ailə üzvləri görüşəcəyimiz şəhid Sərvər Azayev də birinci Qarabağ müharibəsinin yüzlərlə şəhidindən biri idi. Xəyalıma cürbəcür insan portretləri canlanır, sonra da silinib yox olurdu. Neçə yaşında belə şəhid olduğunu bilmədiyim Sərvər Azayevi gah bığlı, qarayanız, şüvərək, gah da yaşılgöz, ağbəniz dolubədənli gənc hesab edirdim. Aradan keçən bu otuz il ərzində geridə qalan şəhid əmanətlərin hansı hisslər yaşadığını, nələrə tutunub yaşadıqlarını öyrənməyə can atır, şəhidimizin xatirəsinə sözlə, söhbətlə işıq tutmağa çalışırdım.

Könüllü

Masa ətrafında Sərvər Azayevin həyat yoldaşı Zümrüd xanım, qızı Qəmər, qardaşları Əlvan və Rahib əyləşiblər.

Zümrüd xanım biz gəlməmişdən əvvəl masanın üstünə düzdüyü şəkilləri əli ilə sığallayır.

- 27 yaşı tamam olan ayda Sərvər müharibəyə yollandı. Onda biz üç il idi ki, ailə qurmuşduq. Sərvər də Gəmiqayırma zavodunda işləyirdi. Müharibəyə də özü könüllü getdi. Arada qayıdıb gəldi. Amma evdə otura bilmədi, dözmədi. Dedi, mən qala bilmərəm burda. Təzədən geri qayıtdı. 94-cü ilin yanvarında isə şəhid oldu. Onda bizim qızımız yaş yarımlıq idi. Onun müharibəyə getmə xəbərini iş yoldaşı mənə demişdi. Ora qədər isə Sərvər bir neçə dəfə ölümdən qayıdıb. 20 Yanvar hadisələri zamanı o, küçələrdə olub, tankların önünə çıxıb.

Rahib bəy söhbətimizə qoşulur. Deyir, qardaşının bütün qohum-əqrəba, qonum-qonşu yanında hörməti olub.

- Sərvər Bakıdan rayona gələndə balacadan tutmuş böyüyə qədər hamı ilə gedib görüşərdi. Məktəb vaxtı çox yaxşı oxuyurdu. İdmanı, əsasən də futbolu çox sevirdi. 20 Yanvar, Xocalı hadisələrindən sonra Sərvəri saxlamaq mümkün olmadı. Biz tez-tez məktublaşırdıq. Onunla görüşəndə də deyirdi ki, mən gedəcəm, istəmirəm kimsə nə vaxtsa qızıma “fərarinin qızı” desin. Yəni getməməyi özü üçün böyük ayıb, töhmət bilirdi. O vaxtı Lvovda hərbi xidmətdə olanda ordan evə təşəkkürnamə yollamışdılar.

İkinci gediş

Zümrüd xanım deyir ki, həyat yoldaşının evə son gəlişi dekabrın 7-nə təsadüf edib. İki günlük evə gələn Sərvər heç cür mənzildə qərar tuta bilməyib. Nəhayət, yenidən cəbhəyə yola düşmək üçün hazırlıq görüb. Ən yaxın dostlarından birini çağırıb, onunla xeyli söhbət də edib.

- O, dostu ilə uzun müddət yataqxanada bir otaqda qalmışdılar. Çox istəyirdi xətrini. Sərvər onu çağırdı, xeyli söhbət etdilər. Onda üç dəfə arxaya çevrilib, bizə baxdı. Qızımın heç iki yaşı yox idi. Amma atasından əl çəkmirdi. Bu günə qədər fikirləşirəm ki, görəsən onu hansısa bir qüvvə saxlaya bilərdi? Cavabı da yenə özüm verirəm ki, yox, Sərvəri heç nə Bakıda saxlaya bilməzdi. Sərvər bir dəfə cəbhədə olub evə qayıtmışdı, sonra elə mənimlə Bakıdakı hərbi komissarlığa getdi. Orda öz diviziyalarını xəbər aldı. Ona dedilər ki, ordakıların hamısı sonuncu döyüşdə qırılıblar, sən təzədən odun-alovun içərisinə geri qayıtmaq istəyirsən? Onda Sərvər dedi ki, mən elə cəbhəyə getmək üçün gəlmişəm. Qaçan oğlan olsaydım, heç gəlməzdim. Noyabrın 20-də Sərvər evdən getdi. Biz onun xəbərini yanvarda aldıq. Ölüm tarixi də yanvarın 6-da qeyd olunub. Amma mənim bildiyimə görə, Sərvər digər döyüş yoldaşları ilə birgə dekabrın 25-də minaya düşüblər.

Mən onu heç zaman seçdiyi yola görə qınamamışam. Çünki onun xasiyyətini yaxşı bilirdim. 20 yanvar hadisələri zamanı Sərvər düz bir həftə yoxa çıxdı. Qohum-əqrəbası, ailəsi onu axtardı. Biz hələ onda yenicə nişanlanmışdıq. Bir həftədən sonra o rayona gələndə qohumlarının təlaşını görüb, əsəbiləşmişdi. Demişdi, “camaat orda qırılır, siz nə haydasınız...”

20 yanvar hadisələri zamanı o da hadisələrin iştirakçılarından biri olmuşdu. Sonradan da yaralıların, meyitlərin daşınmasına, qəbirlərin qazılmasına köməklik etmişdi.

Balam tək qalacaq...

Zümrüd xanım deyir ki, həyat yoldaşı hədsiz dərəcədə mehriban, qayğıkeş insan olub. Qızına qarşı xüsusilə bağlı olan Sərvər onun gələcəyi haqqında xeyli nigaran imiş. Və bu nigaranlığını dilə gətirməkdən çəkinmirmiş:

- Niyəsə Sərvər həmişə deyirdi ki, mənim balam tək qalacaq. Elə bil ürəyinə dammışdı. Düzdür, mənim qızım heç zaman korluq çəkmədi. Əmiləri həmişə onun yanında oldular. Onun çatışmazlığı ata sarıdan olsa da, maddi baxımdan heç bir çətinliyi olmadı.

Sərvər nə yaşadı ki, nə də görə. Övladı ilə bağlı bəlkə də böyük arzuları vardı, amma çox az yaşadı axı... Qızımın gözü həmişə atasını axtarıb. Bir dəfə qızım qonşu uşaqları ilə həyətdə oynayırdı. Onda hardasa dördüncü sinifdə oxuyardı. Uşaqları onu itələyib yıxmışdılar. Onda Qəmərin sırğasının bir tayı düşüb itmişdi. Sırğaları ona rəhmətlik atası almışdı. Atası minaya düşəndən sonra cibindən həmin sırğalar çıxmışdı. Onda bütün məhəlləni bir-birinə vurduq, axtardıq, amma həmin günü sırğanı tapa bilmədik. Qəmər gəldi oturdu eyvanda, başladı ağlamağa. O səhnə heç vaxt gözlərimin qarşısından getmir. Qəmər əllərini görə qaldırıb dedi ki, ay allah, atamdan mənə yadigar bircə bu sırğalar qalıb, heç olmasa sırğamın tayı tapılsın (ağlayır).

Aradan bir neçə saat keçəndən sonra qonşudakı qadın əlində sırğa qaça-qaça Zümrüd xanımgilə gəlib itən sırğanın tayını tapdığını deyir. Həmin an sevincinin həddi hüdudu olmayan balaca Qəmər sırğaları yenidən cütləşdirib qulağına taxır, bir də heç zaman onları itirmir. Sonralar həmin sırğaları öz qızının qulağına baba yadigarı kimi taxır.

Sırğa

Söhbətimizin bu yerində şəhidin qızı Qəmər kövrəlir. Anasının, əmilərinin danışdığı həyat yoldaşını, qardaşı və nəhayət, atanı tanıdıqca, o, necə bir qəhrəmanın qızı olduğunun bir daha fərqinə varır. Bir şəhidin yeganə əmanəti kimi xəyalında yaratdığı ata, qəhrəman obrazından bəhs edir.

- Sırğaları itirdiyim günü bugünkü kimi xatırlayıram. İbtidai sinifdə oxuyurdum. Onu biz qonşularla birgə qaranlıqda axtarmışdıq. Tapa bilməmişdim. Sonra qonşumuz qapının arasından tapıb gətirdi. Onda anam mənə dedi ki, ağlama, sənə təzə sırğalar alaram. Amma mən bilirdim ki, anam mənə yeni sırğa alsa da, atam heç vaxt ala bilməyəcək. O sırğaları böyüyənə qədər qulağıma taxdım, indi də qızımın qulağına taxıram. İnsan itirdiyi adamdan qalan əşyaları həmişə qorumağa çalışır. O əşyayla təsəlli tapır ki, heç olmasa, sevdiyi insandan nəsə bir yadigar qalıb. Anam atama aid bir çox əşyaları saxlamışdı. Onun papağını, hərbi paltarlarını. Sonralar mənə dedi ki, atanın paltarlarını ona görə saxladım ki, onun kim olduğunu gələcəkdə daha yaxşı dərk edəsən.

Mən atamı görməmişəm. Onu ancaq şəkillərdən, danışılanlardan tanıya bilmişəm. Onunla bağlı heç nə yadımda qalmayıb, amma iki dəfə yuxumda görmüşəm. Bir dəfə dəqiqliklə onu hiss etdim. Gördüm evimizdəki pilləkənin altında durub mənə deyir ki, qızım, mən ölməmişəm, həmişə yaşayacam. İkinci dəfə atamı yuxuda görəndə artıq universitetdə oxuyurdum. Onda atam mənə deyirdi ki, mən həmişə sənin yanında olacam.

Anamgilin iş yerində onun büstü var. Ora, qəbri üstünə gedəndə çox pis oluram. Qəribə hisslər keçirirəm. Qohumlarım, babam, nənəm mənə heç vaxt atasızlığı hiss etdirməyiblər. Amma yenə də hər zaman fikirləşmişəm ki, atam olsaydı yəqin hər şey başqa cür olardı. İstəyərdim ki, atam mənimlə olsun, yanımda olsun. İnsana pis təsir bağışlayır atasının onunla olmaması. Danışılanlardan bilirəm ki, atam çox yaxşı olub, məni də hədsiz dərəcədə çox istəyib.

Yuxu

Zümrüd xanım qızının danışdıqlarının fonunda qəhərlənir. İyirmi yaşında keçirdiyi ailə faciəsini, itkinin ilk zərbəsini xatırlayır. Sərvər dünyasını dəyişməzdən əvvəl qarışıq yuxularla həyatında nə isə amansız hadisələrin olacağını yəqin edir.

- Ayın 5-də yuxu gördüm. Həmin yuxu heç vaxt mənim yadımdan çıxmaz. Gördüm ermənilər hücum edirlər, Adamlar hamısı qaçıb bizim evə doluşur. Adamlardan soruşuram ki, Sərvər hardadı, heç kim mənə cavab vermir. Özüm də nə qədər axtarıram, tapa bilmirəm. Yuxudan ayıldım, iştaham tamam kəsildi. Su belə içməyə halım olmadı. Həmin ərəfədə də bizə hər gün hərbi komissarlıqdan bizə bir arıq oğlan gəlib-gedirdi. Hər gün gəlib məndən soruşurdu ki, bura Ağayev Pərvizin evidir. Mən də deyirdim ki, yox, səhv gəlmisiniz. Amma sən demə, bu adam bilirmiş ki, ev Azayev Sərvərin evidir, sadəcə görürmüş ki, mən tək qadın xeylağıyam, ürək edib mənə Sərvərin ölümünü deyə bilmirmiş. Mənim də ağlıma heç nə gəlmirdi. Çünki Sərvər mənə demişdi ki, məni bu evdə, burda gözlə, gələcəm (kövrəlir). Onda həmin oğlanı qovdum, dedim çıx get burdan. Sonra bibimin oğlu Mürsəl gəldi bizə. O gələndən sonra həmin oğlan bir də gəldi. Bibim oğlunu eşiyə çağırıb, onunla söhbət etməyə başladı. Mürsəl onunla getdi, bir də axşam saat 10-da əmim oğlanları və anası ilə birgə gəldilər. Qapını nə qədər döysələr də, açmadım. Artıq hiss edirdim ki, Sərvərə nə isə olub. Dedim, qapını açmayacam, bu vaxtı siz yaxşı xəbər gətirməmisiniz. Yoldaşımın əmisi arvadı nə qədər yalvardı, dedi can bala, aç qapını. Açmadım. Axırda əmim oğlanlarından biri hasardan tullanıb darvazanı açdı.

Mənə dedilər ki, Bakıdakı xəstəxanalar doludu, yer yoxdur. Sərvərin də ayağını kəsiblər, aparıblar rayona. Paltarlarını yığ, gedək. Onlara dedim ki, mən heç bir paltar götürən deyiləm. Bircə qızımı götürüb, maşına mindim. Birinci onların əmisigilə getdik. Qapıdan içəri girəndə Sərvərin əmisinin səsini eşitdim. Gördüm uşaqlara deyir ki, gülab almısınız. Onda mənim ürəyim gedib yıxılmışam, daha heç nə hiss etməmişəm. Mən bir də yolda özümə gəldim. Gördüm qarşıda təcili yardım maşını ilə onu aparırlar. Dedim, mən bilirəm, o artıq yoxdur. Siz məni aldadırsınız. Rayonda da heç kimin də xəbəri yox idi. Qayınatam məni görəndə qorxdu, dedi ay bala, səhər-səhər xeyir ola, nəyə gəlmisən? Elə orda da mənim ürəyim gedib yıxılmışam, heç nədən xəbərim olmayıb.

Məni qoymadılar tabuta yaxınlaşmağa, dedilər açmırıq. Dedim, necə yəni açmırıq, mən onun üzünü görməsəm, tabutu həyətdən çıxmağa qoymaram. Əllərimlə tabutun qapağını qaldıranda dırnaqlarım qopdu. Sərvərin çənəsini mina aparmışdı. Mən bu günə qədər də fikirləşirəm ki, görəsən onun o şirin dilini qurd quş yedi, yoxsa doğurdan da düşmən mərmisinə tuş gəldi (ağlayır).

Sevgi

Sərvər Azayev müharibədə kəşfiyyatçı kimi fəaliyyət göstərib. 1993-cü ilin dekabrında amansız döyüşlərin birində Füzulinin Horadiz kəndində minaya düşür. Onu qolundakı qızıl saatla birgə öz kəndlərində dəfn edirlər. Bir qız övladı ilə tək qalan Zümrüd xanım sarsılsa da şəhid xanımı kimi heç vaxt heç kimin yanında əyilmədiyini deyir. Qızını da şəhid qızı kimi böyüdən ana həm deyir ki, onun heç nədən korluq çəkməməsi, heç kimin yanında başıaşağı olmaması üçün əllərindən gələni ediblər:

- Bir dəfə məktəbdə pul yığılırdı. Gördüm Zümrüd həyəcanlı halda evə gəlib mənə dedi ki, mama məktəbdə pul yığırlar, birdən sənin pulun olmaz verməyə, məktəbdə mənə güzəşt edərlər, deyərlər şəhid qızıdır, ondan almayaq. Onun bu sözlərindən çox pis oldum. Dedim, narahat olma qızım, mən heç vaxt imkan vermərəm ki, sən başqalarından geri qalasan. İmkan vermərəm ki, sən nə zamansa maddi vəziyyətə görə atanın adından istifadə etmək məcburiyyətində olasan.

Qürur

Zümrüd xanım qızının gözlərinə baxaraq deyir:

- Mən onun həm ana, həm də ata olmağı bacardım. Amma mənəvi cəhətdən yəqin ki, atalıq hissini ona yaşada bilmədim. Bu yəqin ki, mümkünsüzdür.

Qəmər anasının gözlərinə baxdıqca qüssələnir. Sanki onun dediklərinə həm etiraz etmək, həm də haqq qazandırmaq istəyir:

- Hardasa mənə deyəndə ki, şəhid qızısan, bu mənə həm mənəvi qürur verir, həm də pis oluram, onun mənəvi yoxluğunu, boşluğunu hiss edirəm. Ancaq mən həm də onun ruhən yaşadığına inanıram. Şəhidlər heç vaxt ölmür sözləri mənim atam üçün də keçərlidir. O, bunu mənə yuxumda özü də demişdi. Bütün hallarda mən fəxr edirəm ki, atam şəhid olub. Yaxşı ki, mən o cür kişinin qızı kimi dünyaya gəlmişəm. Mən də onun yadigarı olduğum üçün hamı məni çox istəyib, hər zaman anama da, mənə də dəyər veriblər.