10:10
27 Dekabr 2019

Azərbaycan Beynəlxalq Bankı SWIFT gpi sisteminə qoşuldu

Beynəlxalq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) ilə tərəfdaşlıq çərçivəsində müştərilərinə daha bir imkan yaradıb.

Bank SWIFT-in qlobal ödənişlərdə tətbiq etdiyi yeni inkişaf standartlarından olan SWIFT gpi sisteminə qoşulub. Bu sistem beynəlxalq köçürmələr zamanı fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını təmin edir.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bu yeniliyin beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük üstünlük olduğunu bildirib: “Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirmələrinə gərək yoxdur. Müasir bankçılıq həllərindən olan SWIFT gpi sistemi beynəlxalq hesablaşmaları müştərilərimiz üçün asanlaşdırır. Yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri bu sistemin yeni imkanlarından da istifadə edə biləcəklər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Dİgər xəbərlər