16:21
30 Dekabr 2019

Hədiyyə qutularındakı TƏHLÜKƏ: Valideynlərə ÇAĞIRIŞ

Yeni il bayramına artıq bir gün qalıb. Bununla əlaqədar paytaxtda quraşdırılan bayram yarmarkalarında, eləcə də bazar və mağazalarda müxtəlif görünüş və qiymətlərdə olan uşaqlar üçün hədiyyə qutuları satışa çıxarılıb. Hədiyyə qutularının içlərindəki məhsullar fərqlidir, bəzilərində kiçik oyuncaqlarla yanaşı şirnilər, bəzilərində isə ancaq şirniyyatlar, konfetlər və s. qoyulub.

Qeyd edək ki, bu məhsullardan əldə etmək istəyən şəxslərə əksər vaxtlarda hədiyyə qutusunun içərisinə baxmağa icazə verilmir.

Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az -a bildirib ki, hər il Yeni il ərəfəsində satılan və bayram üçün təşkil olunan şənliklərdə verilən hədiyyə qutuları ilə bağlı quruma şikayətlər daxil olur:

”Bu məhsullardan uşaqlarda ürəkbulanma halları olur, habelə zəhərlənməyə də gətirib çıxara bilir. Buna səbəb qutulardakı vaxtı keçmiş məhsullarla bağlıdır. Vafli, peçenye, şokoladlar və digər məhsullar qutulara yığılır və hədiyyə kimi paylanılır. Valideynlər mütləq diqqətli olmalıdırlar və qida məhsullarından uşaqları istifadə etdiyi zaman tarixlərinə baxmalı, xüsusən də şokoladlı konfetləri açaraq üzərinə nəzər yetirməlidir”.

E.Hüseynov qeyd edib ki, hədiyyə qutuların içərisindəki məhsullara baxmaq üçün qadağa olmamalıdır:

“Əgər olarsa, burada istehlakçıların hüquqları ciddi şəkildə pozulur. Bir sözlə, valideynlərin tam haqqı çatır ki, məhsulların tarixlərinə baxsınlar”.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə saytımıza bildirilib ki, Yeni il ilə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var:

“İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan tarix qutunun qablaşdırılma tarixidir. Ona görə də istehlakçıların yeni il hədiyyə qutuları alarkən qutunun içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur”.

Məlumatda qeyd edilib ki, əgər vətəndaşlarda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaranarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Dİgər xəbərlər