1100
11:34
04 Noyabr 2019

Qonşuların mübahisəsi qanla bitdi: Ağdamdakı dəhşətli hadisənin TƏFƏRRÜATLARI

Ağdamda qonşuların ölümlə sonlanan mübahisəsinin detalları bəlli olub.

Lent.az -ın hadisənin baş verdiyi Ağdam rayonu, Yuxarı Yüzbaşlı kənd icra nümayəndəliyindən əldə etdiyi məlumata görə, mübahisədə həyatını itirən 63 yaşlı Əli Əsgər oğlu Hətəmov və 47 yaşlı Umud Qulu oğlu Nəsibov çəpər qonşusu olublar. Əli Hətəmov qonşusunun mal peyinini tövlədən təmizləyib araba ilə çıxarması üçün çəpərin bir hissəsini açmağa icazə verib və ayrılan yol da Əli Hətəmovun həyətinə aid olub. Əli, Nəsibov Umuda bu yoldan yalnız heyvanların peyinini çıxarmaq üçün icazə verdiyi halda, dünən səhər görüb ki, qonşusu eşşək arabasının arxasına inəkləri bağlayaraq otarmağa aparır. Bu zaman ona heyvanların həyəti batırdığını irad bildirərək, belə razılaşmadıqlarını deyib. Umud isə buna əhəmiyyət verməyərək yoluna davam edib. Hadisənin baş verdiyi axşam isə Əli Hətəmov görüb ki, qonşusu Umud Nəsibov yenə səhərki qaydada heyvanları otarıb qayıdır. Bu zaman Əli iradını bildirib və yerə uzanıb ki, həyətə girmək üçün gərək mənim üstümdən keçəsən. Beləcə, Əli Hətəmovun bu hərəkətinə səhər olduğu kimi önəm verməyən Umud araba və arxadakı inəklərlə birgə onun üzərindən keçib. Həmin vaxt Umud Nəsibovun oğlu da yanında imiş.

Əli Hətəmov xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib. Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Umud Nəsibov saxlanılıb.

Qeyd edək ki, hadisənin baş verməsi barədə ilk məlumatı trend verib.

Dİgər xəbərlər