Nəriman Əliyev: “İlham Əliyev Ermənistanın baş nazirinə tutarlı cavab verdi”
15 oktyabr 2019 14:54 (UTC +04:00)

Nəriman Əliyev: “İlham Əliyev Ermənistanın baş nazirinə tutarlı cavab verdi”

 
“Prezident İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Qarabağla bağlı bəyanatı və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmə xidmət edən insanların qəhrəmanlaşdırılması ilə bağlı çıxışı tarixi bəyanatdır”.
 
Bu sözləri Lent.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, YAP-çı deputat Nəriman Əliyev deyib.
 
O bildirib ki,  Prezident İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində bir sıra mühüm mesajlarla yadda qalıb: “ Cənab Prezident İlham Əliyev Prezident hər çıxışında olduğu kimi, keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışında da  Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib. Ölkə başçısı çıxışında BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Hesab edirəm ki, bununla da Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə, onun sərsəm bəyanatlarına tutarlı cavab verdi.  Cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Ermənistan tərəfinə mesajdır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və öz torpaqlarını azad edəcək”.
 
N.Əliyev qeyd edib ki, bu gün respublikamızda “Qarabağ Azərbaycandır!” hərəkatı  böyük vüsət alıb: “Hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır. Bu hərəkat artıq milli ideya səviyyəsində qəbul olunur. Bu fakt göstərir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır”.
 
Deputat onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubundakı tarixi çıxışından sonra Ermənistana növbəti zərbəni Aşqabadda vurub: “Prezident İlham Əliyev II dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadalayıb. Ölkə başçısı qeyd edib ki, faşizm üzərində ümumi Qələbəyə Azərbaycan layiqli töhfə verib. Cənab Prezident bildirib ki,Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbə uğrunda canlarından keçib.
 
Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib . Dövlət başçısı sonra vurğulayıb ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir, bu, dövlət səviyyəsində həyata keçirilir. Ermənistanda Qaregin Njdeyə abidə qoyulub, onun adı küçəyə verilib. Prezident İlham Əliyev bunun qəbuledilməz olduğunu bildirib. Hesab edirəm ki, Emənistanda Qaregin Njdeyə abidə ucaldılması bu ölkənin necə terrorçu, işğalçı olduğunun göstəricisidir. Cənab Prezidentin bu addımları Azərbaycanın dünya ölkələri arasındakı mövqeyini günü-gündən gücləndirir və Ermənistana zərbə vurur. Dövlət başçısı qətiyyətli çıxışı ilə hər zaman. Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Azərbaycan sülhün tərəfdarıdır və bu mümkün olmasa, qüdrətli ordumuzun iştirakı ilə torpaqlarımızı işğaldan azad edəcəyik”.
# 601
avatar

Oxşar yazılar