Çoxdan gözlənilən KİTAB SƏRGİSİ açıldı
Sentyabrın 27-də Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.
APA-nın məlumatına görə Mədəniyyət Nazirliyinin təşkiltaçılığı ilə keçirilən sərgi-yarmarka İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.
Açılışı mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan xalqının tarixində kitab həmişə özünəməxsus yer tutub: ""Avesta"dan, "Kitabı-Dədə Qorqud"dan başlayaraq bu günə kimi xalqımız öz ədəbiyyatına böyük qiymət verib. Bizim ədiblərimizin yazdığı əsərlər əsrlər boyu yaşayıb, xalqımız tərəfindən hər zaman dəyərləndirilib. Bu gün isə bizim əsas məqsədimiz ondan ibarətdir ki, kitaba sevginin inkişafı yolunda gənclərimizi buna yönləndək. Bu gün Azərbaycanda nəşriyyat sahəsinə çox böyük önəm verilir. Azərbaycanda onlarla nəşriyyatlar fəaliyyət göstərir. Heç də təsadüfi deyil ki, Azərbaycan kitabı beynəlxaq sərgilərdə layiqli yer tutur. Məhz bu il də Moskvada keçirilən beynəlxalq sərgidə Azərbaycan nəşri "Qran-pri" mükafatına layiq görürülüb".
Nazir qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan silsilə kitablar nəşriyyat işinin inkişafında xüsusi əhəmiyyət kəsb edir: "Bu nəşrlər Azərbaycan kitabxanalarında yer alır. Cənab Prezidentin müvafiq sərəncamı ilə nəşr olunan həm klassik, həm də müasir əsərlər ən ucqar kəndlərə də çatdırılır və gənclərimizə onunla tanış olmağa imkan verir".
Ə.Qarayev vurğulayıb ki, artıq altıncı dəfə keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz qapılarını xarici nəşriyyatların da üzünə açır: "Bu il həm də Nəsimi ili qeyd olunur. Bu sərgi-yarmarka da Nəsimiyə həsr olunub. 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək, kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək".
Nazir Azərbaycanda mədəni tədbirlərin bir-birini izlədiyini söyləyib: "Hazırda ölkədə XI Üzeyir Hacıbəyli adına Musiqi Festivalı keçirilir. Sabah Nəsimi şeir sənət və mənəviyyat Festivalının açılışı olacaq. Bunlar hamısı ondan xəbər verir ki, Azərbaycan mədəniyyəti inkişaf edir. Bu siyasət gələcəkdə də davam etdiriləcək".
Baş Nazirin müavini Əli Əhmədov bu gün Azərbaycanın mədəni həyatında əlamətdar bir hadisənin həyata keçirildiyini bildirib: "Bu, hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğatı üçün həyata keçirilən addımdır. Cəmiyyətin mədəni, intellektual inkişafı öz başlanğıcını kitabdan götürür. Azərbaycan qədimdən elmə, biliyə həvəsi olan ölkə olub. Bu həvəsin həyata keçirilməsində kitab misilsiz rol oynayıb. Bu gün Azərbaycan böyük intellektual sərvəti olan bir ölkədir. Biz bu günümüzü və sabahımızı bu sərvətdən ayrı təsəvvür etmirik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişafı Azərbaycanın yüksəlişinin əsasıdır. Çox sevindirici haldır ki, Azərbaycanda kitaba həmişə məhəbbət olub. Güman edirəm ki, bu sərginin altıncı dəfə keçirilməsi də kitaba olan məhəbbətin ifadəsidir. Hesab edirəm ki, gənclərimiz kitab mütaliə etməklə zəngin biliklər əldə edəcəklər, digər yandan mədəni səviyyələri yüksələcək, layiqli vətəndaşa çevriləcəklər. Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələr böyük rol oynayır. Mən sizin hər birinizə kitaba sevgi arzu edirəm".
Sonra VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.
Qeyd edək ki, sərgi-yarmarka sentyabrın 29-dək davam edəcək.
1296