284
22:39
05 Sentyabr 2019

ICAPP-ın baş katibi: "Azərbaycan Asiya regionunda önəmli yerə malik bir ölkədir"

Sentyabrın 5-də baş nazirin müavini Əli Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, baş nazirin müavini Asiyanın müxtəlif dinlərin və mədəniyyətlərin cəmləşdiyi böyük bir region olduğunu bildirib. Qeyd edib ki, bu regiondakı ölkələrin bir çoxunda iqtisadi inkişaf sürətlə gedir. Bununla paralel olaraq, regionda baş verən münaqişələr nəticəsində yoxsulluqdan əziyyət çəkən ölkələr də var. Bu baxımdan ICAPP-ın üzərinə mühüm məsuliyyət düşür.

Baş nazirin müavini, həmçinin vurğulayıb ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ICAPP-ın beynəlxalq tədbirlərində iştirak edir və fəaliyyətini dəstəkləyir. Əli Əhmədov qeyd edib ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. O, ümidvar olduğunu bildirib ki, sentyabrın 6-da işə başlayacaq ICAPP Gənclər Birliyinin və Qadınlar Birliyinin Bakı Konfransı bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcək.

ICAPP-ın baş katibi Park Ro-byug və Koreya parlamentinin üzvü Lee Sang Don təşkilatın Azərbaycan hökuməti ilə əlaqələrindən bəhs ediblər. Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Park Ro-byug qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, eyni zamanda, ICAPP ilə YAP-ın əməkdaşlığından danışıb. Baş katib qeyd edib ki, ICAPP-ın daimi komitəsinin 23 üzvü arasında YAP da təmsil olunur. Bu göstərir ki, Azərbaycan Asiya regionunda önəmli yerə malik bir ölkədir.