Tanınmış teatr və kino aktrisası, xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifovanın anadan olmasından 92 il ötür. Lent.az-ın məlumatına görə, sənətkarın uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti onun məzarını ziyarət etmək üçün Fəxri Xiyabanda olub. Sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək F. Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb.
Məlumat üçün bildirək ki, Firəngiz Abbasmirzə qızı Şərifova 1924-cü ildə Azərbaycan Teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub.
1941-ci ildə yaxın ailə dostu Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olaraq beş il konservatoriya təhsili alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunmuş, lakin iki il sonra teatr məcburi özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti olaraq bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlamış və tezliklə teatrın aparıcı aktrisalarından biri olub.
Aktrisa 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdaraq 2011-ci ilin sentyabr ayının 1-ə qədər - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
F. Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib.