Azərbaycanda rok necə yarandı? - ARAŞDIRMA
08 aprel 2013 16:30 (UTC +04:00)

Azərbaycanda rok necə yarandı? - ARAŞDIRMA

 

 Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb.


Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan “Qızıl payız” festivalı idi.

 

Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 70-ci illərin əvvəllərinədək əsasən yumşaq rok, ritm və blyuz (R&B) çalan “Eskulap”, “Xürrəmilər”, “Ekspress-118”, “Pəzəvəng”, “Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.

 

“Xürrəmilər”(Xurramitı) ansamblı 1969-cu ildə Rafiq Rəsulov tərəfindən Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) tərkibində yaradılıb. Qrup üzvləri Rizvan Mehdiyev (zərb aləti), Elxan (ritm gitara), Tariyel (bass gitara), Rafiq Rəsulov (solo gitara) və Cabbar (bek-vokal) olub. Keçirilən bir çox festivallarda iştirak edən qrupun əsas repertuarını əcnəbi mahnılar təşkil edib. Onlar çox məharətlə həmin dövrdə məşhur olan mahnıları təkrarlaya biliblər. Bundan başqa, qrup milli mahnıları da rok janrında ifa edib. Qrup ilk dəfə “Bakı, sabahın xeyir” mahnısı ilə efirə  çıxıb.

 

“The Rolling Stones” qrupuna bənzəmək üçün...”

 

Bakının məşhur gitaraçılarından olan Rafiq Rəsulov o illəri belə xatırlayır: “Həmin vaxtlar Bakıda rok musiqisinə çox böyük maraq var idi. Bizim ansambl 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) 51 illiyi münasibətilə təşkil olunan rok festivalında yenilik etmək istəyirdi. Ona görə də “The Rolling Stones” qrupuna bənzəmək üçün festivala ayaqyalın, cins şalvar və başımızda uzun saç “pariklə” çıxdıq. Bu, tamaşaçılarda böyük maraq yaratdı. Həmin qrupunun “I can't get no” mahnısını, daha sonra bir aşıq mahnısı ifa etdik. Biz bir çox festivallarda iştirak edib, uğur qazanmışıq. Bakıda Cimmi Hendriksin (Jimi Hendrix) repertuarını olduğu kimi ifa edən bir mən idim. Gənclər arasında populyar olan mahnıları təkrarladığımıza görə çox sevilirdik. Bizi toylara, banketlərə, şənliklərə çağırırdılar. Bakıda amerikan sayağı blyuzun atası mənəm. Bunu çalmağa çalışan çoxdur, amma bu mahnı ürəkdən gəlməlidir. Mən bu mahnılara ürəyimi vermişəm”.

 

“Eskulap” qrupu

 

Rafiq Babayev “Eskulap” (yunan dilində həkim mənasını verir) qrupunu 1966-cı ildə Azərbaycan Tibb Universitetini tələbələrindən təşkil edib. Qrup fəaliyyəti dövründə eyni tərkiblə çıxış edib: Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Vais Səmədov (vokal), Əli Babayev (pianino), Cəbrayıl Məstanov (solo gitara), Abbas Vəlibəyov (bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev (saksofon), Fuad Vəlibəyov (orqan).

“Eskulap” müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. Qrupun repertuarında həm xalq mahnıları, həm də xarici mahnılar var idi.

 

1966-cı ildə Rus Dram Teatrında keçirilən festivalda Vais Səmədov vokalçılar arasında birinci yerə layiq görülür. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında “Eskulap” 2-ci yeri “Eksperiment OK” qrupu ilə bölüşür. 1971-ci ildə “Qızıl Payız” festivalının laureatı olan qrup üzvləri diplom və medalla təltif edilir. Keçirilən bir çox festivallarda iştirak edən “Eskulap” 1972-ci ildən fəaliyyətini dayandırır.

 

1970-ci illərdə  nisbətən Qərb musiqisinin təsirindən uzaqlaşıb öz musiqi stilini yaradan qruplar meydana çıxır. Bu qruplar daha xarici mahnılarla kifayətlənmir, yeni fikir və hisslər ifadə edən əsərlər yaratmağa başlayır. Daha çox caz-roka üstünlük verən “Cürbəcür”, “Brevis”(1971), “Üç alov” (“Tri oqnya”) bu qruplara aid edilə bilər.

“Cürbəcür” 1970-ci ildə Cahangir Qarayevin rəhbərliyi ilə yaradılıb. Ansamblın heyəti isə Vladislav Ulyanov (solo gitara), Cahangir Qarayev (orqan), Cavanşir Əliyev (bass gitara) və Süleyman Məcidovdan (zərb aləti) ibarət olub.

 

“Üç alov” (“Tri oqnya”) ansamblı

 

1967-ci ildə ADNA-nın tərkibində Çingiz Ədibin rəhbərliyi ilə yaradılıb. Qrup üzvləri “Beatles” qrupu tərzində bir qrup yaratmaq istəyirdilər. Lakin həmin dövrdə onların musiqi texnikası olmadığı üçün həmin qrupu təqlid etmək asan deyildi. Qrupa məşqlər üçün verilən yerin isə təmirə ehtiyacı var idi. Onlar çətinliklə olsa da, oranı təmir etdirdilər və demək olar ki, yenidən qurdular. Qrup Bakının üç alov simvolu ilə əlaqəli olaraq “Üç alov” (“Tri oqnya”) adlandırıldı. Qrupun üzvləri Çingiz Ədib (solo gitara, vokal), Rüfət Kərimov (bass gitara), Pərviz Bayramov (klavişnik), Pərviz Ədib (zərb alətləri) idi.

 

Çingiz Ədib qrupun yeni fəaliyyət vaxtlarını belə xatırlayır: “Ansamblımızı təşkil edəndən sonra biz sakitcə işləməyə başladıq. Çox məşq edir, hərdən gecələr də işləyirdik. Düzdür, köməyimizə, məsələn, Vaqif Mustafazadə, Fərəc Qarayev və hətta Tofiq Quliyev gəlirdi. Vaqif fanatik musiqiçi idi, Tofiq müəllim gözəl qəlbli insan. Bizə ən böyük köməyi Vaqif Mustafazadə və Tofiq Quliyev göstərdi. Aparatlarımız dəhşətli idi, alətlərimiz isə o dövr üçün o qədər də pis deyildi. Biz hər şeyi hardan gəldi, əldə edirdik. Alətlərlə problem isə onların alınmasının qeyri-mümkünlüyündə idi. Ona görə yox ki, onları almağa pulumuz yetmirdi, ona görə ki, satışı heç bir yerdə yox idi. Belə alətlər sovet dükanlarında satılmırdı. Bir çox musiqiçilər özləri gitara hazırlayırdı. Biz hər şeyi əldə etməyə qadir olduğumuzu göstərdik”.

 

Qrupun repertuarını əsasən milli və xalq mahnılarının sintezi təşkil edirdi. Onlar həmçinin xarici rok qruplarının mahnılarını da ifa edirdilər. Çingiz Ədibin sözlərinə görə, repertuarları maraqla qarşılanırdı: “Moskvada bizim repertuarımıza təəccüb edir, ifa etdiyimiz musiqiyə həsəd aparırdılar. Bizim ansambl respublikada milli musiqidən istifadə edən ilk qrup idi. Bunlara “Almanı atdım xarala”, “Aman nənə” mahnılarını misal göstərmək olar. Musiqiləri müasir ahəngdə tərtib edib özümüz səsləndirirdik. Biz ilk dəfə F.Qədimovun “Dalğalar”, D.Axundzadənin “Qurban olduğum” parçalarına musiqi bəstələmişik. Biz musiqilərimizi eynilə bu formada Mərkəzi Televiziyada səsləndirirdik”.

Qrup Azərbaycanı Mərkəzi Televiziyada “Alo, biz istedadları axtarırıq” yarışmasında təmsil edərək ikinci yerə layiq görülür. Birinci yerə heç kim seçilmədiyi üçün faktiki olaraq qrup birinci yerə sahib olmuş olurdu. Onlar həmçinin SSRİ-nin digər respublikalarında çıxış edirdilər.

 

1973-cü ildə qrup fəaliyyətini dayandırır, üzvləri öz ixtisasları üzrə işləməyə gedir. Pərviz Ədib isə  musiqi karyerasını sona qədər davam etdirir və professional bir səviyyəyə çatır. O, Vaqif Mustafazadə, Rafiq Babayev və “Qaya” vokal-instrumental ansamblı ilə işləyir.

Azərbaycanda rok-musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan, çox vaxt onları musiqi tərzlərinə görə üstələyən iki qrup - “Eksperiment OK“  və  “Aşıqlar” qrupu oynayıb.

 

“Eksperiment OK”

 

1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrandt, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Özfəaliyyətlə məşğul olan qrup məşq etmək üçün təchizatı olan yer axtarır və mədəniyyət evinə gedirlər. Həmin mədəniyyət evində yeni qrup yaradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, “Eksperiment OK” qrupu yaranır. Yeni yaranan qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov (vokal, zərb alətləri) Mark Vaynbrandt (solo gitara), Harri İşxanov (bass gitara), Eldar Mansurov (pianino), Elxan Şıxəliyev (saksofon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı gənc qızdan ibarət olur. Qrup bu tərkiblə cəmi bir il fəaliyyət göstərir. Sonradan bəzi üzvlər qrupu tərk edir və Azər Kərimov, Mark Vaynbrandt, Harri İşxanov Oqtay Kazımovun başçılığı ilə Tibb Universitetinin tərkibində fəaliyyət göstərir. Az sonra Azər Mehdiyev (orqan) də onlara qoşulur və qrup bu tərkiblə tanınıb sevilir.

 

Azər Kərimovun sözlərinə görə, Oqtay Kazımov yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlanıb: “Oqtay Kazımov yeni bəstələdiyi mahnıları əvvəlcə bizim qrupda sınaqdan keçirirdi. Biz də o mahnılara əlavələr edərək daha müasir səsləndirirdik. Sonradan Oqtay Kazımov o mahnıları, məsələn, Flora Kərimovaya, Yalçın Rzazadəyə, “Qaya” qrupuna və s. verirdi”.

Qrup 1970-ci il Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında Cimmi Hendriksin “Hey Joe” mahnısını ifa edərək ikinci yerə sahib olur. Bu, onların böyük səhnəyə ilk çıxışı idi. Qrup 1973-cü ildə “Qızıl Payız” festivalında, 1974-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında çıxış edir. 1975-ci ildə isə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) sirkdə təşkil etdiyi pop festivalında “Aşıqlar” və “Eksperiment OK”dan başqa bu və ya digər formada rok və pop ifa edən 20-dən çox qrup iştirak edir. “Eksperiment OK” bu festivalda bir neçə uğura imza atır. Azər Kərimov: “Festival üç gün davam etmişdi. Birinci gün Azərbaycan xalq və bəstəkar mahnıları, ikinci gün xarici mahnılar ifa olundu. Üçüncü gün keçirilən mükafatlandırma mərasimində isə bizə yenidən çıxış etməyi tapşırdılar. Bu, bizə çox böyük sürpriz oldu, çünki festivalda ikinci yer tutmuşduq. Bundan başqa, festivalda Oqtay Kazımovun ifa etdiyimiz “Qəriblik” mahnısı ən yaxşı mahnı seçildi. Mən isə vokalistlər arasında ən yaxşı vokalist və zərb alətlərində birinci seçildim. Bir festivalda 4 mükafat almaq bizim üçün əsl xoşbəxtlik idi”.

 

“Eksperiment OK”  1976-cı ildə “Qızıl Payız”, “Bizim dağlar”, “Gəmi”, 1981-ci ildə isə “Çoban-bayatı”, “Qəriblik” və “Dağlar” mahnıları ilə televiziyada çıxış edir.

 

“Aşıqlar” qrupu ilə müvəffəqiyyətlə rəqabət aparan “Eksperiment OK” təəssüflər olsun ki, o dövr üçün unikal olan təcrübəni sonradan davam  etdirmədi. Artıq ajiotaj sönmüşdü. Azər Kərimov bunun səbəbini belə izah edir: “70-ci illərin əvvəlində yaranan qruplar özfəaliyyətdən çıxmışdılar. Bizə professional səhnələr lazım idi. Ya sən bu sənətdən pul qazanmalı idin, ya da öz peşənin dalınca getməli idin. Çoxları öz peşəsini seçdi və öz işlərinin dalınca getdi. Artıq Komsomol Komitəsi də festivallar keçirmirdi”.

 

“Eksperiment OK” qrupundan sonra 1971-ci ildə “Məşəl” qrupuna keçən Eldar Mansurov deyir ki, elə həmin il Bakıda - “Yaşıl Teatr”da ikinci “Qızıl Payız” festivalı keçirildi və bu festivalda “Məşəl” qrupu diplomantlardan biri oldu: “Bizim qrupda musiqiçilərdən – violin çalan Fərivər, gitarada Mübariz, basda Volodya, zərb alətlərində Nasir, orqanolada  isə mən idim. Müğənnilərimiz Bijən Əlizadə və İsmayıl Abdullahi idi. Ansamblın repertuarı əsasən bəstəkar və Azərbaycan xalq mahnılarından ibarət idi. İndiyə kimi yadımdadır, festivalın ikinci günü biz “Çal, oyna” xalq mahnısını ifa edirdik, işıqlar düz üç dəfə sönüb, sonra isə yenidən yandı. Biz hər dəfə mahnını yenidən ifa etməli olurduq. Sonuncu dəfə bizim qrup səhnəni tərk etdi və qərara aldıq ki, işıqlar düzəlməyənə qədər səhnəyə çıxmayacağıq. Nə isə, təşkilatçılar gəlib bizim qrupdan üzr istədilər və bu hadisənin bir daha təkrarlanmayacağını dedilər. Biz səhnəyə qayıtdıq, pis də ifa etmədik, amma sözün düzü, artıq o həvəs qalmamışdı. Onu da deyim ki, belə hallar bu müsabiqələrdə ara-sıra  başqa qruplarla da baş verirdi”.

 

Eldar Mansurov bu festivaldan sonra bir neçə ay da “Məşəl”in tərkibində bir çox konsertlərdə iştirak edir. Lakin sonra estrada musiqisi ilə məşğuliyyətinə son qoyur. Çünki  həmin il Asəf Zeynallı adına Musiqi Texnikumunun sonuncu kursunda oxuyurdu və fortepiano ixtisası üzrə dövlət imtahanına hazırlaşmalı idi.

 

Fizika fakültəsinin rok ansamblı

 

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin tələbələri tərəfindən yaradılıb. Qrup üzvləri Emil Həsənov (bass gitara), Vaqif Əliyev (zərb alətləri), Hikmət Hacızadə (solo gitara), Tərlan Hüseynov (skripka), Fuad Kərimov (vokal, orqan) olub.

Hazırda ictimai-siyasi fəaliyyətlə məşğul olan Hikmət Hacızadə onların qrupunun caz-rok stilində işləyən sonuncu nəsil olduğunu deyir: “Bizdən sonra yaranan qruplar demək olar ki, caz-rok janrına müraciət etmədilər. Onlar  daha çox tələbat olan disko mahnılarıa üstünlük verirdilər”.

 

“Aşıqlar”qrupu  

 

1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılıb. Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. İlk heyət Elxan Şıxəliyev (saksofon), Rauf Bünyətov (zərb aləti), Hüseyn Hüseynov (saksofon), Eldar Şıxəliyev (gitara), Muxtar Yəhyayev (pianino), Zaur (truba), Yura Zaqarulka (trombon), Albert (klavişnik) olub. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır.

 

Elxan Şıxəliyev deyir ki, qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi: “Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər. Mən həmçinin Azərbaycan xalq mahnılarını elə aranjeman edirdim ki, xalq mahnısı öz stilini dəyişirdi, lakin şirinliyini itirmirdi. İlk vaxtlarda mahnılarımızı solo musiqi və  caz-rok stilində yazmağa başladıq”.

 

“Aşıqlar” 1973-cü ildə Bayılda yerləşən Vladimir İliç Ulyanov (Lenin) adına Mədəniyyət Evində keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasından birinci yerə layiq görülür. Bu, “Aşıqlar” qrupu adı altında iştirak etdikləri ilk festival olur. Həmin festivalda xalq artisti, bəstəkar Arif Məlikov səhnəyə çıxıb deyir  ki, hələ heç professional qruplar bu səviyyədə çala bilmirlər. Bu sözlər “Aşıqlar” üçün çox əhəmiyyətli idi.

 

Özfəaliyyətdən professional səhnələrə...

 

1981-ci ildə Polad Bülbüloğlu Azərbaycanı təmsil edəcək azərbaycanlı musiqiçilərdən ibarət  qrup yaratmaq qərarına gəlir. Bunun üçün o, Elxan Şıxəliyevlə danışıb razılığa gəlir. Yeni yaranan qrup isə “Aşıqlar” dövlət  vokal instrumental ansamblı adlanır. İki ay müddətində həm Polad Bülbüloğlunun konsert proqramını, həm də öz proqramlarını hazırlayan “Aşıqlar” respublikanın bütün şəhər və rayonlarında konsert proqramları ilə çıxış edir. Ansambl Polad Bülbüloğlunun başçılığı ilə 1982-ci ilin fevral ayında Arxangelskə gedir. 1983-cü ildə Mərkəzi Komsomol Komitəsi onları Əfqanıstana (Kabula) göndərmək qərarına gəlir və ansambl Nisə Qasımova ilə birlikdə oraya yollanır. Cəbhə xəttinin qaynar nöqtələrində uğurlu konsert proqramları ilə çıxış edən ansambl oradan Qunduz əyalətinə, sonra Puli Xumriyə gedir.

 

Reanimasiyada  konsert verən “Aşıqlar”

 

Elxan Şıxəliyev Əfqanıstan səfərini belə xatırlayır: “Biz o vaxt müharibənin içində əsgərlər üçün gündə 3 dəfə konsert verirdik. Qunduzda olarkən biz hətta reanimasiyada konsert vermişdik. Orada minaya düşən üç əsgər yatırdı. Onlardan biri azərbaycanlı, ikisi isə rus idi. Biz onları sevindirmək üçün yarım saatlıq konsert verdik. Onlar sadəcə qulaq asırdılar. Puli Xumridə təxminən üç və ya dörd gün konsert verdik. Orada olarkən bir polkovnik bizə yaxınlaşıb xahiş etdi ki, öz ölkələrinə yola düşən əsgərlər üçün səhər saat 7-də konsert verək. Polkovnik bildirdi ki, onlardan kimin ölkələrinə sağ-salamat çatacağı bilinmir. Sərhədə çatana qədər onlar hücumlara məruz qalırdılar. Biz razılaşdıq və Nisə Qasımova ilə birlikdə saat 7-də bir saatlıq konsert verdik. Saat 8-də maşınlar yola çıxdı və marş sədaları altında yola düşdülər”.

 

Əfqanıstan səfərindən sonra uğurları daha da artan və xarici ölkələrə yolu açılan “Aşıqlar” fəaliyyət illərində həm Azərbaycanda, həm də bir neçə xarici dövlətdə uğurlu çıxışlar edib. Sonuncu qastrol səfərləri isə 1988-ci ildə Monqolustana olub.

 

Qarabağ münaqişəsinin başlanması və Polad Bülbüloğlunun mədəniyyət naziri təyin edilməsindən sonra “Aşıqlar” 1989-cu ildə fəaliyyətini dayandırır. Amma Elxan Şıxəliyev 1997-ci ildə “Aşıqlar” qrupunu yenidən bərpa etmək qərarına gəlir. Əvvəlki üzvlər və bir neçə yeni musiqiçi ilə yenidən bərpa olunan qrup 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

 

“Etibarlı repertuar”

 

1970-ci illərdən sonra “yuxarıdan gələn göstərişlər”in təsiri ilə festivalların mahiyyəti dəyişməyə başlayır. Rok musiqisinin gizli fəaliyyətə keçdiyi Moskva və Leninqraddan fərqli olaraq, Bakıda dağılan qrupların yerinə etibarlı repertuarı olan itaətkar ansambllar yaranır. 1980-ci illərin əvvəllərində rok musiqisini bəzi peşəkar kollektivlərdə eşitmək mümkün olur. Onların arasında ən yaddaqalanı isə “Qaya” orkestri nəzdində yaranmış “Talisman” qrupu idi. Qrup heyətinin və istiqamətinin sürətlə dəyişməsinə baxmayaraq, “Talisman” Moskvadakı 12-ci beynəlxalq gənclər və tələbələr festivalı çərçivəsində müvəffəqiyyətlə çıxış edir. Bu dövrdə soft-roka yönəldilən Rafael Axundovun “Günel” qrupu bir neçə uğurlu konsert verir.

 

Rokun yeni qayıdışı

 

1980-ci illərin sonuna yaxın rok musiqisinin qayıdışı 1987-ci ildə Bakı şəhər komsomol komitəsinin nəzdində Şəhər Gənclər Müasir Musiqi Mərkəzinin yaradılması ilə bağlı olur. Bu mərkəzin fəaliyyət strukturuna müxtəlif musiqi klubları, həmçinin çoxsaylı rok klubları daxil idi. Nəhayət, 1988-ci ilin may ayında 1-ci Bakı rok-panorama keçirilir. Festival böyük rezonans doğurur və respublika mətbuatında geniş işıqlandırılır. “Aşıqlar” qrupu festivalda birinci yerə layiq görülür.

 

1989-cu ilin aprel ayında daha böyük iştirakçı sayı ilə 2-ci rok-panoram keçirilir. Bu festivalda təxminən 30 qrup iştirak edir: “Qrimsiz”, “Faust”, “Neysan”, “İz”, “Terminal”, “Reportaj”, “Charley ATL”, “Minarə” və s. Peşəkarlar arasında “Aşıqlar” nəzərə çarpacaq dərəcədə seçilir. Növbəti heyət dəyişikliyindən sonra “Talisman” öz işini daha da yaxşılaşdırır. “Günel” isə yeni heyət və keçmiş rəhbərliklə “Aksiya” qrupuna çevrilir.

 

Bəs indi?

 

Eldar Mansurov Azərbaycanda rokun indiki vəziyyətindən narazıdır: “Ümumiyyətlə, indi Azərbaycan roku axsayır. Rok tariximiz haqqında kitab belə yazılmır. Fakt budur ki, Azərbaycan roku var və bir vaxtlar Bakı rok şəhəri kimi tanınırdı. Caz və rok sahəsində  ən güclü musiqiçilər Bakıdan çıxırdı. Mən həmişə arzulamışam ki, Bakıda Caz Mərkəzi olduğu kimi, Rok Mərkəzi də olsun. Dünyanın hər yerində rok janrı cazdan daha çox dinlənilir. Caz musiqisi ilə rok janrı arasında elə böyük fərq yoxdur. Nədənsə Bakıda daha çox caza üstünlük verilir. Digər ölkələrdə əsasən, rok konsertinə gedən insanlar caz konsertinə getmir. Əsl rok da elit musiqisidir”.

 

P.S. 1980-ci və sonrakı illərdə yaranan rok qrupları haqqında növbəti yazıda məlumat veriləcək.

 

 Xanım Nağıyeva

# 2373
avatar

Oxşar yazılar