Nayma Qəhrəmanova: “Bu, uduzmuş nəşriyyatların mövqeyidir”
18 dekabr 2012 19:34 (UTC +04:00)

Nayma Qəhrəmanova: “Bu, uduzmuş nəşriyyatların mövqeyidir”

 

Lent.az xeyli müddətdir ki, dərslik mövzusu ilə bağlı araşdırmalar aparır. Araşdırmalar nəticəsində hazırladığımız yazılarda adı çəkilmiş müəlliflər və digər şəxslər də öz mövqelərini bildirmək üçün redaksiyamıza müraciət edirlər. Onlardan biri, 1-ci siniflər üçün “Riyaziyyat” dərsliyinin həmmüəllifi Nayma Qəhrəmanovanın təqdim etdiyi yazıda bildirilir ki, bu yazılarda tədqiqatçı jurnalist mövqeyi deyil, Təhsil Nazirliyinin “Riyaziyyat” dərsliyi üzrə keçirdiyi tenderdə iştirak edib uduzmuş nəşriyyatın mövqeyi nümayiş etdirilir.

 

“Həmmüəllifi olduğum dərsliyi pisləmək üçün bütün arqumentlərdən əli üzülən nəşriyyat dərslikdəki bir neçə şəklin xarici mənbələrdən birindəki ilə oxşarlığını əlində bayraq edib, yeni kampaniyaya başlayıb. Əvvəla onu demək istərdim ki, söhbət “Maths made easy” kitabından iqtibas etdiyimiz 6 şəkildən gedir və həmin şəkillərin ikisində rəssam tərəfindən dəyişiklik edilmişdir, digərləri isə bədii məziyyəti olmayan (kalkulyator, ev, qatar, əjdaha) konturlarla çəkilmiş texniki təsvirlərdən ibarətdir. Ancaq onu da nəzərə çatdırım ki, həmin kitabı buraxmış “DK” nəşriyyatı ilə təmsil etdiyim “Radius” nəşriyyatını əməkdaşlıq münasibətləri, bu nəşriyyatların təcrübə, məhsul mübadiləsi sahəsində müəyyən işgüzar əlaqələri və ilkin qarşılıqlı razılaşmaları vardır”.  

 

N.Qəhrəmanova hesab edir ki, yalnız şəkil oxşarlığına görə “Riyaziyyat” dərsliyinin müəlliflərini plagiatlıqda ittiham edən və “DK” nəşriyyatının “təəssübünü çəkən” nəşriyyat təmsilçilərinin bu qarayaxma yazılarını jurnal şəklində çap etdirərək respublikanın tanınmış ziyalılarına göndərməsinə gəldikdə isə, bu da əks-təsir doğurur və həqiqətən də “Riyaziyyat” dərsliyinin bütün üstün cəhətlərinin cəmiyyət tərəfindən təsdiq olunmasına xidmət edir: “Həmin jurnal «donosundan» sonra dərsliyi araşdırmış bir çox tanınmış ziyalılar, məktəb direktorları bu günlərdə mənə telefon açır, dərslik haqqında xoş fikirlərini bildirir və söyləyirlər ki, yazıya imzasını qoymazdan əvvəl jurnalist heç olmasa dərsliyə özü baxsaydı, onluq blokların, pulların, barqrafların, telqrafların mənbə kimi göstərilən nəşrlə heç bir əlaqəsi olmadığını görərdi. Hörmətli oxucuların nəzərinə catdırmaq istəyirəm ki, “jurnal-donosda”  göstərilmiş 2-ci mənbə isə nəşriyyatımızda heç kimdə heç vaxt olmamışdır. Dərsliyimizlə həmin nəşr arasındakı fərqi görmək üçün “jurnal-donosda” müqayisəli şəkildə verilmiş faksimilelərə sadəcə nəzər yetirmək kifayətdir. Ümumiyyətlə dərsliyimizdə tətbiq olunmuş elmi, metodiki, texniki  üslub və yanaşmanın qabaqcıl xarici nəşrlərlə bir sıra hallarda üst-üstə düşməsi bir müəllif kimi düzgün yolda olduğumuzu təsdiq edərək bizə çox böyük məmnunluq gətirir. Bütün bunlara bədxahlıqla yanaşıb “xaricilərdən götürürlər” fikri ilə gündüzün günorta çağı əlində lampa tutub dərsliyimizdə oxşar bir şeylər axtarmaq da olar, yaxud da xeyirxahlıq, vətənpərvərlik mövqeyindən çıxış edib “nə yaxşı ki, xaricilər kimi yazırlar, lap onlardan da irəliyə gedirlər “ düşüncəsi ilə işimizə, əməyimizə dəstək də vermək olar. Üzdəniraq opponentlərimiz, təəssüf ki, bədxahların yolunu tutublar və onların «Dərslik terroru» adı ilə ünvansız və imzasız buraxdıqları jurnalcığaz başdan-ayağacan 37-ci il donoslarını xatırladır”. 

 

N.Qəhrəmanova yazıda bildirir ki, araşdırma müəlliflərinin mövqeyi həm də belə deməyə əsas verir ki, onların dünya pedaqogika praktikasından, bir çox ölkələrin, o cümlədən  Azərbaycan Respublikasının kurikulumundan, onun məzmun və fəaliyyət xətlərindən, məzmun standartlarından, ümumilikdə isə təhsildə baş verən keyfiyyət dəyişikliyinin fəlsəfəsindən xəbərləri yoxdur.

 

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə dərsliklərin hazırda aparılan müzakirələri fonunda daha da fəallaşmış müxaliflər tutarlı arqumentlər ortaya qoya bilmədiklərindən tənqid baxımından hazırkı situasiyada ən əhəmiyyətsiz və cılız sayıla bilən məqamlardan möhkəm-möhkəm yapışmışlar. «Riyaziyyat dərsliyindəki əjdaha şəkli başqa kitabdan götürülmüşdür”, “Qatar, ev şəkilləri başqa nəşrlərdəkilərlə eynidir”, “Usta və süfrə şəkilləri isə başqa nəşrdən eyni ilə götürülüb” kimi mənasız ittihamlar ilə müəllifləri gözdənsalma kampaniyası aparanları 1-5 sinif dərsliklərinin dəqiq, ardıcıl, düşünülmüş məzmun strukturu, müasir pedaqoji mahiyyəti qətiyyən düşündürmür. Adı çəkilən şəkillərə aid tapşırıqlar bütünlüklə dərslikdən çıxarılsa belə, dərsliyin məzmun strukturuna zərrə qədər xələl gəlməz. Bu şəkillərin verildiyi 150 və 151-ci səhifələr üzrə hətta xüsusi dərs saatı belə  ayrılmamışdır. Bu gün 1-ci sinifdə dərs deyən müəllimlərin bu dərslikdən razı olduğu, dərsliyin şagirdlərdə nitq vərdişlərinin, məntiqi təfəkkürün, məlumatı təhliletmə, sistemləşdirmə, nəticəçıxarma, qərarvermə kimi  bacarıqların inikişaf etdirilməsində böyük rol oynadığı isə nə yazıya imza atan «araşdırmaçı jurnalisti», nə də bu günün tələblərinə uyğunlaşıb müasir dərslik ortaya qoya bilmədiyinə görə qəbul olunmuş dərsliyi şeytanlayan nəşriyyatı maraqlandırır. Bu günlərdə bir nəfərin Təhsil Nazirliyinə telefon açaraq guya 5-ci sinif dərsliyində verilmiş məsələlərin eynilə 5-9-cu  siniflər üçün Rusiya dərsliyində olduğu barədə dedikləri isə yalnız gülüş doğurur. Məlumunuz olsun ki, http://şkolnıe znaniya.com/predmet/matematika saytı 5-9-cu  siniflərdə oxuyan məktəblilərə ev tapşırıqlarını yerinə yetirməkdə kömək göstərən bir saytdır. Məktəblilər həllində çətinlik çəkdikləri, maraq doğuran müxtəlif məsələləri bu sayta göndərirlər. Həmin sayta göndərilmiş məsələlər arasında Azərbaycan məktəblilərinin 4-5-ci siniflər üçün «Riyaziyyat» dərsliklərindən götürüb göndərdikləri məsələlər, başqa sözlə Azərbaycan məktəblilərin də ev tapşırıqları var. Əvvəla, həmin dərsliklərin müəllifi olaraq biz «Müəllim üçün metodiki vəsait»də o məsələlərin tənliklə deyil, hesab üsulu ilə həllini təklif edirik. İkincisi isə, bu məsələlərin mətni Azərbaycan dilində yazılmış, rus dilinə tərcümə edilmişdir”.

 

Daha sonra N.Qəhrəmanova qeyd edir: “Dərsliyə öz mənafeləri baxımından yanaşdıqları üçün qeyri-adekvat reaksiya verən nəşriyyat təəssübkeşlərinin “dərsliyi inkar” fəaliyyəti ilə əlaqədar hörmətli akademikimiz Çingiz Qacarın həmişəki kimi tərəqqiyə dəstək  və milli mənafe baxımından örnək sayıla bilən fikirlərini xatırlatmaq istərdim: «Dərslikləri biz ilk növbədə təhsilimizə, millətimizə gətirdiyi müsbət dəyişikliklər aspektindən araşdırmalıyıq. Bu zaman yamsılamalara, təqlidlərə rast gələ bilərik, amma təcrübə artdıqca, nəşriyyatlar gücləndikcə bunlar da aradan qalxacaq». Sonda akademik Çingiz Qacarı tanımayanlar üçün bir fikri də vurğulamaq istərdim: Çingiz Qacarın  özünəməxsus yumoru var  və “plagiat”, “oğurlamaq” sözlərini “öyrənmək” anlamında işlədir. Demək istədiyi isə budur: “Yaxşıdan öyrənmək və yaxşıya oxşamaq lazımdır, əsas odur ki, pisi götürməyəsən və pisə oxşamayasan.” 

 

Bu həmçinin xeyirxahlıq, sağlam düşüncə və həm də əsl vətənpərvərlik mövqeyidir”.

 

 

 

# 1601
avatar

Oxşar yazılar