Telman İsmayılova qarşı maaş üsyanı
11 noyabr 2009 15:00 (UTC +04:00)

Telman İsmayılova qarşı maaş üsyanı

Azərbaycanlı milyarderin “Mardan Palace” otelinin işçiləri məhkəməyə müraciət etməyə hazırlaşırlar


Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Antalyada 1,4 milyard dollara tikdirdiyi “Mardan Palace” mehmanxanasında maaşını ala bilməyən bəzi işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.


Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, ”Mardan Palace”da barmen kimi çalışmış Erdem Özdal deyib ki, dəniz mövsümü bitəndən sonra ixtisara düşüb, aprelə qədər işsiz qalacaq, apreldən sonra geri dönəcəyinə də zəmanət yoxdur. O bildirib ki, maaşlarını həmişə 2 ay gecikməklə alıb, sentyabr və oktyabr aylarının maaşlarını isə hələ ala bilməyib.


Telman İsmayılovun sahibi olduğu AST şirkətinin Türkiyədəki təmsilçisi Natiq Abbasov da məsələ ilə bağlı açıqlama verib. O qeyd edib ki, Türkiyəyə böyük sərmayə yatırıblar: “Qlobal iqtisadi böhran səbəbindən müəyyən problemlərimiz var, ancaq 1-2 günə həll edəcəyik. Biz mehmanxana açılmadan işçilərə 1 il 6 ay maaş verdik. Yaxınlıqdakı otellərdə qonaqlara verilən yeməkləri biz işçilərimizə veririk. İşçilərin uşaqlarını məktəbə aparmaq üçün xidmət yaratmışıq. Sıxıntılı günlərimizdə işçilərimiz bizə dəstək olurlar. Bəziləri şikayətçidirlər. Biz heç vaxt haram yeməmişik, hamısıyla halallaşırıq”.


Natiq Abbasov “Mardan Palace”da tikinti işi görənlərin, mal satanların 3 qat haqq istəmələrindən də şikayətlənib.


Mehmanxananın müdiri Cumhur Özən vurğulayıb ki, son bir neçə ayda maaşlarda gecikmə olsa da, bu, yoxsulluqla bağlı deyil: “Qlobal maliyyə böhranı ilə bağlı ölkəyə gələn pul axınında problem var. Pulun banklara yatırılmasında, transferində çətinliklər olur. Ancaq şirkətin iflasa uğraması kimi bir məsələ yoxdur”.


O nəzərə çatdırıb ki, “Mardan Palace”ın 1300 işçisi var, yalnız 10-15 nəfər şikayətçidir: “Oktyabr ayının maaşı da 2 günə ödənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar