Oynayan müəllimlər və milli əxlaq polisləri - VİDEO
06 iyun 2022 17:13 (UTC +04:00)

Oynayan müəllimlər və milli əxlaq polisləri - VİDEO

Elm texnika inkişaf eləyəndən özümü lap axirətdə kimi hiss edirəm. Hara gedirsən bir göz səni izləyir, kameralar çəkir. Elə bil əməl dəftərini əlinə veriblər. Yaxşı-yaman nə iş görmüsənsə özünə də məlumdu, camaata da.  Allah eləməmiş, çaşıb eləsən, el-aləm biləcək. Kimsə mütləq kənardan çəkib atacaq  sosial şəbəkələrə. Biri “like” yığmaq üçün sənin ömrünü gününü göy əskiyə bükəcək, rəzil-rüsvay edəcək. Necə ki, rəqs eləyən o müəllimələri ediblər.

Millət vəkili Etibar Əliyev Bakıda liseylərin birində müəllim adına yaraşmayan hərəkətlərə yol verildiyini bildirən bəyanatla çıxış edib, deyib ki,  Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək bağışlanmazdır, liseyin direktoru və onun himayəçiləri cəzalandırılmalıdır. 

Məsələ belədir ki, məktəb rəhbərliyinin təşkilatçılığı ilə paytaxt restoranlarının birində əyləncə təşkil edilib. Direktor Aynur Hüseynovanın da iştirak etdiyi məclisdə direktor müavini Nigar Axundova rəqs edən qadın müəllimələrdən birinin sinəsinə pul qoyub. Məclisdə iştirak edən digər iştirakçılar tərəfindən bu rəqs videoya çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Orta nəslin insanları müəllimləri su içməz, yemək yeməz kimi müqəddəs varlıqlar kimi tanıyaraq böyüdüklərinə görədir yəqin, bu rəqs videosunu biabırçılıq kimi görüblər. Halbuki müəllimlər qanadlı mələk filan deyillər, onlar da oynaya, əylənə istirahət edə bilərlər. Hadisə məktəbdə, sinifdə, şagirdlərin gözü önündə baş versəydi hay- küy salmağa dəyərdi.

Əsl biabırçı hərəkət ən özəl anlarımızın  gizlicə telefonla çəkilib, sonra sosial şəbəkələrdə yayımlanmasıdır. Daha birlikdə çörək kəsdiyin yaxınına da etibar etməyəsən kimə edəsən? Bu videonu həmin restoranın işçilərindən biri yayıbsa cəzalanmalı olan həmin restoran, həmin işçidir. Kameralardan götürülüb yayılıbsa bu lap böyük biabırçılıq. Belə çıxır ki, kim kimi harda, nə ilə istəsə günahlandıra, şantaj edə bilər. Heç kim süddən çıxmış ağ qaşıq deyil, hərənin özünə bab xətası da var , günahı da. Lap günah olmasa belə, hansısa addımımızı, görüşümüzü gizli saxlamaq haqqımız var. Cinayət hadisəsi baş verməyibsə, kamera görüntülərinin açlıb yayımlanması qanunla qadağandır, bu üzdən ailələrə söz-söhbət salınması özü əslində qanunsuzluqdur, biabırçılıqdır. 

Hə bir də müəllimlərin rəqsi bir də o zaman biabırçı olardı ki, müəllimlər oynaya-oynaya direktorun cibinə pul basaydılar. O zaman haray həşir salardıq, deyərdik qoymayın, məktəb direktoru qabağında oynadıb, əppək verir, zülümə bax … 

Həmin videoda qadınların öz aralarında əyləndiyi, rəhbərin də  zarafatla  gətirib pul verdiyi görünür.  Sadəcə səmimi bir zarafat var. Müəllimlər də bizdəndirlər, başqa planetdən, filan gəlməyiblər. Rəqqasə Renka oynayanda,  həvəslə baxanlar, cibindəki son qəpiyini onun başından səpənlər müəllimələrin rəqsindən nə yaman narahat olublar? Yenə başladıq namus hakimliyi eləməyə, əxlaq polisi kəsilməyə. Bizdə adətdi, bir hadisə baş verən kimi asıb-kəsirik, çoxu elə söz olsun deyə düşünmədən danışır, fikir bildirir. Yıxılana balta vurmaq ən asanıdı. Çətin olan bilirsinizmi nədi? Hər kəs yalanları bağırarkən doğruları pıçıldamaq.

# 15162
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar