Zaqatalaya göydən düşən nədir? -  Qiymətli cisim, ya adi daş?
05 iyul 2022 20:15 (UTC +04:00)

Zaqatalaya göydən düşən nədir? - Qiymətli cisim, ya adi daş?

“Alimlər gedəndən sonra gecələr Arus kəndinə, onun düşdüyü yerə adamlar gedərdi. Hər yeri qazıq-qazıq edərdilər. Şayiə gəzirdi ki, göydən yerə düşəndən sonra həmin dəmir brilyanta çevrilir. Ya da çox bahalı nəyəsə. Amma heç kim heç nə tapa bilmədi”. Bunu Lent.az-a Yardımlı rayon Şivəngə kənd sakini mərhum Əlihüseyn Əhmədov demişdi bir vaxt. Bilirsinizmi, nədən söhbət düşmüşdü o vaxt? 


 
Demək, 24 noyabr 1959-cu ildə nəinki Şilvəngə, ona yaxın Ərsilə, Ləzran, Jiy, Mirimli kəndlərinin sakinləri də qorxu içindəydilər. Həyəcan o qədər böyük idi ki, hətta köç barədə də fikirləşənlər olmuşdu. Bəziləri isə pirlərə, övliyalara qaçırdı. Əllərini göyə qaldırıb, dua edirdilər. Hə, məhz göylərə. O göylərə ki, oradan onlara “pay” göndərilmişdi. Özü də bir neçə dənə. Biri 157, digəri 127 kiloqram həcmində. Bir neçəsi də nisbətən kiçik həcmdə. İçi kamasit, taenit, triolitl dolu dəmir, daş parçaları...
 
***
 
Yardımlı ərazisinə meteorit düşmüşdü. Episentri isə Arus kəndiydi. Amma buna baxmayaraq bütün rayon ərazisi, daha doğrusu, səması ağ rəngə boyanmışdı. Əlihüseyn kişi deyir ki, bu hadisə cəmi 10-15 saniyə çəkmişdi. Amma bu 10-15 saniyəlik hadisə sonradan o qədər şayiələrin yaranmasına səbəb olmuşdu ki… 
  
Hadisədən dərhal sonra Yardımlıya əvvəl Bakıdan, sonra isə Moskvadan böyük bir qrup yollanır. Elmi-tədqiqat işlərinə akademik Mirəli Qaşqay rəhbərlik edir. Akademik gözəl bilirdi ki, meteoritlər nadir hallarda yerə gəlib çatır. Ona görə də, ilkin tədqiqatlardan sonra Moskvaya teleqram vurur ki, Yardımlı meteoritinin tədqiqatı xüsusi əhəmiyyətə malikdir. İlkin tədqiqat zamanı isə məlum olur ki, meteoritin tərkibi 92 faizə qədər kamasit olsa da… qalan 8 faizlik hissədə Yer qabığında məlum olmayan bir çox elementlər də var. Akademik teleqramda onu da xüsusi qeyd edir ki, hazırda kosmik sahənin öyrənilməsi ilə əlaqədar olaraq, Yardımlı meteoritinin tədqiqatı xüsusi əhəmiyyətə malikdir.
 
***
 
Burda bir haşiyəyə çıxaq. Əslində, bu meteorit Azərbaycana düşən ilk meteorit deyildi. Söhbət ondan gedir ki, hələ 1891-ci ildə indiki Ağcabədi rayonunun Hindarx kəndinə də çəkisi 27 kiloqram olan meteorit düşüb.
1906-cı ildə çox kiçik bir meteorit də indiki Qazax rayonunun Çaylı kəndi ərazisinə düşüb.
Yardımlı meteoritinin özəlliyi onda idi ki, o, nəinki Azərbaycan və ya SSRİ-də, ümumiyyətlə, dünyada yerə düşən ən böyük meteoritlərindən sayılırdı.
Tarixdə meteorit haqda çoxlu rəvayətlər dolaşır. 

Məsələn, deyilənə görə, Şah İsmayılın topu kəsən qılıncı məhz meteoritdən hazırlanıb.
 
Roma imperatoru Numa Pompiliyanın qalxanı “göydən yerə düşən dəmir parçası”ndan hazırlandığı deyilir. Hind knyazı Cahangir də 1621-ci ildə meteorit parçalarından özünə qılınc, xəncər və bıçaq hazırlayıb. Rusiya imperatoru 1-ci Aleksandra da meteoritdən hazırlanmış qılınc hədiyyə edilib. Əmir Teymurun qılıncının da məhz meteorit parçasından hazırlandığı deyilir... 
 
***
 
Meteoritdən zinət və bəzək əşyaları hazırlayan “Gabio”da 1,5 qramlıq üzüklərin qiyməti təxminən 1000 avrodan başlayır.

Yeri gəlmişkən, indiki MDB ərazisində Moskvada, Sankt-Peterburqda və Kiyevdə məhz meteoritdən hazırlanan zərgərlik məmulatları satan ixtisaslaşmış mağazalar fəaliyyət göstərir. Bir maraqlı məlumat: az əvvəl hərracda “Louis Moinet Meteoris”ə aid saat satılıb – 4,8 milyon dollara. Bu saatın siferblatında, yəni rəqəmlər olan üz lövhəciyin altında əsl meteorit daşından istifadə olunub.
Nadir saat yalnız dörd nüsxədə buraxılıb.
 
*** 
 
Bakıdakı zərgərlik dükanlarında meteorit qırıntılarından hazırlanmış zinət və bəzək əşyalarının satılıb-satılmadığını deyə bilmərik. Əslində, bu özü də bir araşdırma mövzusudur. Amma saytların birində belə bir elana rast gəldik: “Çox dəyərli daşlar olan meteorit daşları satılır. Qiymətləri qramla satılır. Almaq istəyənlər internetdə bunu araşdırsın sonra alsınlar. Hamısını maqnit çəkir”.
 
Nə bilmək olar? Bəlkə də 60 il bundan əvvəl Arusa düşmüş “hədiyyə”dən qalanlardır? 
 
***


İndi də, Zaqatalaya göydən yad cisim düşüb.

Rayonun Uzuntala kənd sakini Nəriman Nuriyevin sözlərinə görə, Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.
N. Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.

N. Nuriyev meşədə tapdığı yad cismi kənd icra nümayəndəliyinin qarşısına gətirib. Kəndə gələn rayon rəhbərliyi tərəfindən daşa baxış keçirilib. Daşın çəkisi 10 kiloqramdır. 
Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Gözləyək, görək, yerə düşən nə imiş?

# 6648
avatar

Səbuhi Sədəf

Oxşar yazılar