Yalan Santa, yoxsa real torba dolduran – “Papaqatdı”  dilənçilik deyil
14 mart 2023 18:24 (UTC +04:00)

Yalan Santa, yoxsa real torba dolduran – “Papaqatdı” dilənçilik deyil

Azərbaycan türk dövlətləri içərisində Novruz bayramını ən birinci və rəsmi şəkildə qarşılayan ölkədir.

Lent.az xəbər verir ki, bu bayramda qədim zamanlardan bir sıra xalqlar yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edir və şənliklər keçirirmişlər. 

Əlbəttə ki, bu günlərdə orta və yaşlı nəslin nümayəndələrindən keçmişdə folklorumuzda yer alan maraqlı adət-ənənələri, inancları öyrənirik. 

Novruz bayramında qapı pusmaq, sübh tezdən bulaqdan su gətirmək, tonqalın üstündən tullanmaq, papaq atmaq kimi bir çox adət-ənənələrimiz var. Papaq atmaq uzun illərdən qalan qədim adətlərimizdəndir. Papaqatdı adəti ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir.

Maraqlıdır, görəsən, papaqatdı adəti necə yaranıb?

Araşdırmalar görə, əvvəllər Novruz bayramında xüsusi torbalar tikilər, uşaqlar, cavanlar qonum-qonşunun evinə torba sallayardılar. Amma tək torba deyil, qurşaq da keçmişdə bayram payı yığmaq üçün vasitə olub. O zamanlar gənclər belinə qurşaq bağlayıblar. Ona görə, Novruzda həmin qurşağı uzun bir ağacın ucuna torba şəklində bağlayıb, pəncərələrdən, qapılardan evlərə uzadıblar.

Kənd və rayonlarda yayılan bu adətlər şəhərlərdə fərqli formada təzahür edib. Şəhərdə evlər əsasən çoxmərtəbəli binalar olduğuna görə, evlərə ağaca bağlanmış qurşaq sallamaq çətin olub. Evlərin bacalarından torba atmaq adətləri mümkün olmayıb. Ona görə, cavanlar papaqatdı formasında bu adətləri yerinə yetiriblər. 

Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər, həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır. 

Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində qoruyub-saxlamağa çalışıb. Və məlum olur ki, bu bayramlar, adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir. 

Novruz bayramı ilə bağlı, xüsusilə də papaqatdı adət-ənənəsi birmənalı qarşılanmır. Hətta insanların əksəriyyəti papaqatdını qapı-qapı düşüb dilənmək kimi qəbul edir. Amma bu adət qədim tarixə malikdir. Bu adətin arxasında sevinmək, şənlənmək, sevinci paylaşmaq istəyi dayanır. Bayram edən şəxsin pay yığır, pay verən də öz ruzisini başqaları ilə bölüşür. 
Necə formada olursa-olsun, bu gün keçmişdən qalan adətlərimizin yaşadılması təqdirəlayiq haldır.

Qeyd edək ki, papaqatdı sadəcə bayramın bir elementidir. Bəzən deyirlər ki, niyə xristianlarda Santa Klaus hədiyyə paylayır, amma bizim insanlar papaq atıb nələrsə istəyir. Amma məsələnin bir tərəfi var ki, hədiyyə paylayan Santa bir uydurmadır, yəni yoxdur elə bir şey. Amma Novruzda papaqları, torbaları dolduran, öz süfrəsindən başqalarına da hədiyyə ayıra bilən insan realdır və o daha xeyirxahdır. Bu kimi adət-ənənələr xalqın inam və mifologiyasından yaranıb. Bu baxımdan bizim adət-ənənələrimiz, bayramlarımız digər ölkələrin adət-ənənələrindən geri qalmır, hətta mahiyyətcə daha böyük əhəmiyyət kəsb edir. 
 

# 2913
avatar

Arzu Qurbanlı

Oxşar yazılar