Mərhum yazıçı Zakir Sadatlı haqda kitab çap olunub. Lent.az-ın xəbərinə görə, Ötərxan Eltacın müəllifi olduğu “Ayrı adam” kitabı Z.Sadatlı haqda ilk sanballı kitabdır.
Z.Sadatlının doğum günü ərəfəsində işıq üzü görən kitabda Ö.Eltac xatirə yazılarıyla mərhumun portretini yaradıb.
Ön sözünü professor İlham Rəhimlinin yazdığı kitaba Z.Sadatlının “Haçandan belə”, “Kəndin payız mənzərəsi”, “Giley şəfəqləri”, “Poeziya”, “Oxu, qardaş”, “Soldatın”, “A Dəşti” şeirləri, həyat yoldaşı Zərəngiz Aslanovaya yazdığı “Öz aramızda qalsın... Uşaqlar bilməsin ha...” məktubu, Zaqafqaziya Seyminin nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Hacı Mirzə Səlim Axund Axundzadə, Xalq Cümhuriyyətində Baş nazir olmuş Nəsib bəy Yusifbəyli, Seyid Məhəmməd Musəvi Ərdəbili haqda araşdırmaları, o cümlədən müsahibələri toplanıb.
“Ayrı adam” kitabında Zərəngiz Aslanova, Qulu Ağsəs, Qabil Abbasoğlu, Nurşən Quliyev, Aslan İsmayılov, Pərviz Cəbrayıl, İlham Tumas, Xanəmir Telmanoğlu, Anar Yusifoğlu, Elbrus Ərud, Anar Niftəliyev, Firudin Qurbansoy, Kənan Hacı, Rey Kərimoğlu, Azər Həsrət, Avdı Qoşqar, Əziz Alpoudun qızı Gülər Somər, Aydın Kərkük və başqalarının Z.Sadatlı barədə xatirə yazıları yer alıb.
Z.Sadatlının müxtəlif vaxtlarda çəkdirdiyi fotoşəkillər də kitaba daxil edilib.
“Bilik” nəşriyyatında çap olunmuş “Ayrı adam” kitabının baş məsləhətçisi İlham Rəhimli, redaktoru Aybəniz Məmmədəliyevadır.