Yolların nəzarətsiz "yolçuları": onların sahiblərinə CƏRİMƏ düşürmü?
30 sentyabr 2016 12:39 (UTC +04:00)

Yolların nəzarətsiz "yolçuları": onların sahiblərinə CƏRİMƏ düşürmü?

0
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda mal-qaranın sərbəst gəzib-dolaşması artıq adi hala çevrilib. Bu da sürücülərin avtomobil yollarında hərəkətinə təhlükə yaradır.
 
 
APA TV-nin yerli bürosunun xəbərinə görə, yollara nəzarətsiz buraxılan inəklər, qoyunlar, camış və atlar qəza şəraiti yaranmasına səbəb olur. Söz yox ki, baş verən hadisələr zamanı əksər hallarda sürücülər günahlandırılır. “Sürücü idarəetməni itirərək avtomobili yoldan çıxararaq aşırıb”. Bu cümləni tez-tez eşidirik. Amma avtomobilin qarşısına qəflətən çıxan maneə, sürücünün idarəetməni itirməsinə səbəb olan məsələ heç kimi düşündürmür.
 
 
Son bir ayda Bakı-Şamaxı-Yevlax magistral yolunda 10-dan çox avtomobilin qarşısına qəflətən mal-qara çıxması səbəbindən sürücülərin idarəetməni itirərək avtomobili aşırması və dünyalarını dəyişməsi, eləcə də ölənlərin və ağır xəsarət alanların sayının çox olması bu məsələnin ciddiliyindən xəbər verir. Ona görə də sürücülərin mal-qara ilə bağlı məsələdən narahatlığı başadüşüləndir.
 
 
Daha çox bu acınacaqlı vəziyyətə magistral yolların kənarlarında, yaşayış məntəqələrinin yerləşdiyi ərazilərdə rast gəlinir. Buna görə də sürət məhdudiyyətini göstərən nişanları gördükdə, sürücülər sürəti azaltmalı və ehtiyatı əldən verməməlidirlər. Əks təqdirdə, baş verə biləcək hər hansı hadisəyə görə elə onların özləri məsuliyyət daşımalı olurlar.
 
 
Doğrudur, yol kənarlarında mal-qaranın otarılmasını qadağan edən hər hansı qanun mövcud deyil. Buna baxmayaraq, əlaqədar təşkilatlar təhlükənin mövcudluğunu nəzərə alaraq, öz mal-qarasını avtomobil yollarına sahibsiz şəkildə buraxan sakinlərə bununla bağlı xəbərdarlıqlar edir. Bir çox hallarda isə bu xəbərdarlıqlara da məhəl qoyulmur.
 
 
Mütəxəssislərin sözlərinə görə, gecə saatlarında yol kənarında heyvanların iştirakı ilə qəza baş verən zaman heyvan sahibi cinayət məsuliyyətinə cəlb olunmasa da, avtomobilə və sürücüyə  dəyən ziyanı ödəməlidir. Əgər bu hadisə gündüz saatlarında baş verirsə, burada araşdırmaya ehtiyac yaranır. Ancaq sürücülər bunu bilib arxayınlaşmamalıdır. Mal-qaranın avtomobil yolunda nəzarətsiz olmasına və qəzalara şərait yaratmasına, eləcə də yol kənarındakı ağacları və gülləri, xüsusi yaşıl örtükləri yararsız hala salmasına görə yol-patrul və ya yolların mühafizəsi xidmətlərinin əməkdaşları heyvan sahiblərini 40, 80 və ya 100 manata qədər cərimə edə bilər. Bir sözlə, sürücülər sürəti düzgün seçməklə bu qəzaları və onların dəhşətli nəticələrini minimuma endirə bilər.
 
 
Hər bir halda "ehtiyat igidin yaraşığıdır" deyib asta sürmək məsləhətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar