Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərar Təhsil Nazirliyinin təklifi nəzərə alınaraq verilib.
Qərara əsasən, təhsilalanların aşağıdakı xərcləri dövlət tərəfindən maliyyələşdiriləcək:
-Təhsil haqqı;
-Viza və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;
-Yaşayış (yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları) xərcləri;
- Zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri;
-Tibbi sığorta xərcləri;
-İldə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri;
Yaşayış xərclərinə təhsilalanların yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları aiddir və bu xərclər təhsilalanın ölkəyə daxil olduğu tarixdən etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Təhsilalan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay üçün ödəmələr həyata keçiriləcək.
Təhsilalanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə, təhsilalanın əlavə müddət üçün yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Təhsil Nazirliyinə təqdim olunan məlumatlara uyğun olaraq maliyyələşdiriləcək.