Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Facebook sosial şəbəkəsində qurumun adından açılmış saxta səhifə və qruplarla bağlı açıqlama verib. Komissiyadan Lent.az-a verilən xəbərə görə, Komissiyanın Facebook-da yalnız bir rəsmi səhifəsi var: “Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. İstifadəçilərdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta Facebook səhifələrindən istifadə etməsinlər. Həmin saxta səhifə və qruplarda imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir”.
TQDK Facebookda qurum adından açılmış saxta səhifə və qrupların bir çoxunun adlarını da təqdim edib: “TQDK sualları”, “TQDK tipli suallar”, “TQDK və magistratura”, “Araz, Zirvə, Hədəf və TQDK sualları”, “Test tapşırıqları-TQDK”, “Təhsil TQDK”, “TQDK və abituriyent”, “TQDK kitabları”, “TQDK tarix”, “Məntiq və TQDK”, “TQDK Azərbaycan”, “TQDK 2014” və 2015” və “TQDK-Bilik qiymətləndirilir”.