Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah keçirilən qəbul imtahanı ilə bağlı imtahanda iştirak edən abituriyentlərə xəbərdarlıq edib. Komissiyadan Lent.az-a verilən məlumata görə, imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini gətirmək lazımdır. Əgər bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, abituriyent imtahan binasına buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib ediləcək və onlar imtahan binasına buraxılmayacaqlar.
İstifadə olunmuş sualların düzgün cavabları imtahan başa çatdıqdan sonra səhifədə yerləşdiriləcək. Qeyd edək ki, sabah 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.