Davud Əliyev 1945-ci ildə Bakıda musiqiçi ailəsində doğulub. Rəssamdır. Uzun müddətdir Qocalar evində yaşayır. Uşaqlığım nağıl kimi idi deyir. “Evimizə o illərin möhtəşəm ifaçıları, Rübabə Muradova, Şövkət xanım gəlib gedirdi. Atamın xətrini istəyirdilər. Hərdən atam əlimdən tutub Filarmoniyaya da aparırdı məni. Amma danışmağa icazə vermirdi. Onların qarşısında danışmaq ayıb sayılırdı. İndi onları gördüyümə inana bilmirəm. Sən demə nağıllar aləmində yaşayırammış. Xəbərim yox imiş”.
Atası onu musiqiçi kimi görmək istəyirmiş. Amma özü istəmirmiş. O dövrün tanınmış sənətkarlarının və atasının məsləhəti ilə balaca Davud Konservatoriyanın nəzdindəki xüsusi təmayüllü musiqi məktəbinə, violonçel sinfinə yazdırılır. Qısa müddətdən sonra o məktəbi tərk edib, yaxınlarından birinin köməyi ilə rəssamlıq kurslarına yazılır. Təbii ki, atasının da dəstəyi olur bu işdə. Eyni zamanda atasının ifasına baxıb, musiqi məktəbinə getmədən piano çalmağı öyrənir.
Rəssamlıq məktəbində çox ciddi müəllimlərdən dərs alır. Hərbi xidmətə çağırıldığından diplomunu ala bilmir. Orda da rəssam olması necə deyərlər “dadına çatır”. Hərbi hissə rəhbərləri ona xidmətində qüsurları olan əsgərlərin karikaturalarını çəkməyi tapşırır. Bu işin öhdəsindən gələn Davud komandirlərin təşəkkürü ilə yanaşı hörmətlərini də qazanır.
Hərbi xidmətdən sonra Bakıya dönüb təhsilini davam etdirir, diplomunu alır.
Bir günToğrul Nərimanbəyov ona məsləhət verir: “ O illərdə “general qızı” təxəllüslü çox istedadlı bir rəssam xanım vardı Riqada, Zuzu Vivelidze. Toğrul müəllim mənə onun kurslarında iştirak etməyi məsləhət gördü”.
Davud Riqada kursu bitirib Azərbaycana qayıdır. Həyatında hər şey çox qarışıq idi. Anası xərçəngə tutulmuşdu, həm də iflic olmuşdu. Yataq xəstəsi idi artıq. İki qardaşı ailə qurmuşdu, öz həyatları var idi. Ailənin böyük uşağı olmasına baxmayaraq hələ subay idi Davud Əliyev. Qardaşlarına əziyyət vermək istəmirdi, valideynlərinə özü baxırdı. Və bu arada atası da iflic olur. Anası haqda soruşanda bir az sonra danışaram dedi. Yaxşı, bəs bu qədər qarışıqlıqdan necə baş çıxardı?
Həmsöhbətim etüdlər işləməyə başlayır. Məşhur Vidadi küçəsində kiçik mənzil alır. Mənzilinin yarısını emalatxana edir. O, paralel olaraq çini qablar üzərində oyma naxış işləri ilə də maraqlanır. Aradan bir neçə il keçir. İşləri qaydasına düşürdü yavaş-yavaş. İstədiyi nəticələrə çox yaxın idi. Ailə qurmağa gəlincə, bu barədə düşünmürdü. Hesab edirdi ki, ailə ciddi işdir. Özünü ya ailəyə, ya da işə sərf etmək lazımdır. O işini seçmişdi - özü belə deyir.
Günlərin birində Moskvadan gələn zəngdən sonra rəssam çini qablar üzərində oyma əsərlərdən ibarət sərgiyə yollanır. Amma bilmir ki, bu səfərdən dönüşü ilə bütün həyatı dəyişəcək. Çox yaxın olduğu məqsədi artıq əlçatmaz olacaq. Qayıdıb gördü ki, heç nə salamat qalmayıb. Nə əl işləri, nə eskizləri, nə də arxivində topladığı rəsm əsərləri, kitablar. Bir yanğın hamısını külə çevirmişdi. Həyatının o yanğın baş verən hissəsini danışanda çox təsirləndi...
Xatırladım ki, az əvvəl "anamdan sonra danışaram" demişdi. Bir az yayınsın deyə söhbəti dəyişdim. “Gəlin ananızdan danışaq” dedim. Danışdı. Dedi ki, ata-anası fərqli adamlar olublar. “Atam Baxı, Şopeni öyrədirdi. Filarmoniyada çalışırdı. İncəsənət adamı idi. Bu arada bir də görürdün anam gəldi ki, yaxşı küftə-bozbaş bişirmişəm fasilə eləyin gəlin yemək yeməyə, acsınız”. Deyir baxmayaraq ki, anası ali təhsilli müəllimə idi, universitetdə dərs deyirdi, amma son dərəcə sadə, ailə qadını idi. Bizim və atamın işi, onun maraqları çərçivəsində deyildi...
Artıq xeyli yaşı da var idi Davud Əliyevin. Ailə yox, valideynlər yox, uzun illər çalışıb vuruşub, başqa ölkədə təhsildən sonra döndüyü vətənində evi, emalatxanası yanmışdı. Uşaqlığı, gəncliyi, sənətinə aid bütün fotoşəkilləri, arxivi yox idi. Üz tutur Qocalar Evinə. Həyatının qalan hissəsini orda yaşamağa qərar verir.
Söhbət zamanı əlində bərk-bərk saxladığı fotoşəkil çəkdi diqqətimi. Dedi ki, bu indi Bakıdakı muzeylərdən birində saxlanan iki əsərinin fotoşəklidir. Amma o əsərlərin konkret hansı muzeydə saxlandığından uzun illərdir xəbəri yoxdur. Əlində qalan bu xırda xatirə haqda sevə-sevə danışır.
Deyir ki, Mikayıl Abdullayevin tövsiyəsi ilə çəkibmiş “Məcnun” adlı əsərini. “Qızlar”da isə mağazada parça seçən üç bacı əks olunub.
Davud Əliyev Qocalar evində ailə həyatı da qurub. Həyat yoldaşı Elmira xanımın səhhətində problemlər yaranıb son günlərdə. Onunla da ayaqüstü söhbət elədik. Rəssamın ilk həyat yoldaşı olan bu xanım, həm də üç qız anasıdır. O təqaüdə çıxana qədər Bakı şəhərindəki uşaq bağçalarından birində tərbiyəçi kimi çalışıb...
Rəssam Davud Əliyevlə söhbətimiz pis alınmamışdı. Optimist adamdır. Nə qədər gec də olsa ailə qurub, hələ görmək istədiyi işlər var. Üstəlik əmindir ki, o işləri mütləq görəcək.