Tağı Əhmədov: “Dilənçinin də hüququ var, 20 qəpiyini verib girir metroya...”
12 fevral 2013 15:43 (UTC +04:00)

Tağı Əhmədov: “Dilənçinin də hüququ var, 20 qəpiyini verib girir metroya...”

0

“Cəfər Cabbarlı” – “Xətai” xətti ilə “Neftçilər” – “İçərişəhər” xətti ayrılacaq”

 

 

“Hazırda Bakı Metropolitenində boş iş yeri yoxdur, ancaq 2014-cü ildə ən azı 1000 nəfərlik yeni iş yeri olacaq”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “press24.az” saytına müsahibəsində söyləyib. 

 

Tağı Əhmədov deyib ki, yeni iş yerləri 2014-cü ildə Bakı Metropolitenində “Əcəmi-2” və “Avtovağzal” stansiyaları ilə yanaşı, həm də 2 deponun istifadəyə verilməsi nəticəsində mümkün olacaq: “Ümumiyyətlə, hazırda 8 stansiya və 2 yeni depo tikilməkdədir. “28 May” stansiyasında isə rekonstruksiya işləri gedir. Bundan əlavə, yeni dispetçer korpusumuz inşa olunur. Bir neçə aydan sonra təhvil veriləcək. “Avtovağzal”, “Memar Əcəmi-2”, “Həzi Aslanov-2” stansiyalarından əlavə, Cəlil Məmmədquluzadə küçəsində və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında da yeni stansiya tikilməkdədir. Həmin işlər yekunlaşdıqdan sonra “Köhnə Günəşli” metrosunun inşasına başlayacağıq. Hazırda Bakı Metropoliteni 23 stansiyadan ibarətdir. Prezidentimizin tapşırığına əsasən, 2030-cu ilədək 73 stansiya olmalıdır. Təxminən ilə 3 stansiya düşür. Gələn il 2, 2016-cı ildə isə 8-10 stansiyanı təhvil verəcəyik. Getdikcə bu rəqəm yüksələcək. Stansiyalardan savayı, 2 yeni depo da tikirik. Üstəlik, Yeni Yasamalda daha bir depo üçün yer axtarırıq. Düşünürəm ki, hər xəttin öz deposu olmalıdır”.

 

 

Tağı Əhmədov metroda qatarların hərəkət sürətini artırmağın mümkün olmadığını da qeyd edib. Onun sözlərinə görə, Bakı Metropolitenində qatarın hərəkətinin maksimum sürəti saatda 80 km-dir: “Təbii ki, bütün yollarda yüksək sürət tətbiq oluna bilməz. Həmin göstərici yolun mahiyyətindən asılı olaraq dəyişir. Digər ölkələrdən fərqli olaraq, bizdə metro yollarında 39-40 faiz əyrilik var. Məsələn “Nizami” stansiyasından “Elmlər Akademiyası”na doğru hərəkət edən qatar 1200 metr (hər 10 metrdə 6 metr) yüksəkliyə qalxır. Bundan asılı olaraq qatarın sürəti də dəyişir. Orta sürət təxminən saatda 52 km-dir. Əslində bu, qaneedici rəqəmdir. Məsələ burasındadır ki, bu gün maşinist istəsə də, qatarın sürətini artıra bilməz. Çünki metroda qatarların sürətini avtomatik tənzimləyən sistem fəaliyyət göstərir. Əgər maşinist sürəti özbaşına artırsa, həmin sistem qatarın hərəkətini avtomatik saxlayacaq. Fikrimcə, bu olduqca əlverişli sistemdir. Bu gün metroda maşinistlərin böyük əksəriyyəti qatarı təkbaşına idarə edirlər”. 
 

Tağı Əhmədov  qatarın hərəkətinin orta sürətini artırmağın məqsədəuyğun olmadığını da bildirib: “Dünyada metro qatarının maksimum sürəti 90 km-dir. Bakı metrosunda həmin rəqəm saatda 80 km-dir və bu, bizi qane edir. Təkcə onu qeyd etmək kifayətdir ki, sərnişin sıxlığının müşahidə olunduğu vaxt “28 May” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar arasında interval 2 dəqiqə olur. “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqaməti üzrə isə bu rəqəm 4-5 dəqiqədir. Bu xətdə qatarlar arasında fasilənin artmasına səbəb “28 May” stansiyasının dispetçer rolunu oynamasıdır. Ora gələn qatarlar qrafikdən asılı olaraq ya “İçərişəhər”, ya da “Dərnəgül” stansiyasına yönləndirilir. Amma yaxın gələcəkdə həmin 4-5 dəqiqəlik fasilə də azalacaq. Çünki “Cəfər Cabbarlı” – “Xətai” xətti ilə “Neftçilər” – “İçərişəhər” xətti ayrılacaq. Ümumiyyətlə, qatarlar arasındakı fasilənin müddəti bu və ya digər stansiyadakı sərnişin sıxlığından asılıdır. Bu gün “Neftçilər” stansiyasında həddən artıq çox axın müşahidə olunur. Buna görə də həmin xətt üzrə interval mütləq 2 dəqiqə olmalıdır. Təbii ki, söhbət sərnişin sıxlığının müşahidə olunduğu vaxtdan gedir. Adi vaxtlarda isə intervalı azaltmağa heç bir lüzum yoxdur. Axı ehtiyac olmayandan sonra qatar xəttə niyə buraxılmalıdır? Bu, israfçılıqdır. Qatarın işlətdiyi elektrik enerjisi həddən artıq çoxdur. Təkcə onu qeyd edim ki, bu gün biz elektrik üçün ayda 650 min manat pul ödəyirik”. 
 

Tağı Əhmədov Bakı Metropolitenində hazırkı kriminal duruma da toxunub. Onun sözlərinə görə, Bakı Metropoliteni şəhərin bir hissəsidir və paytaxtın ümumi kriminal durumu hansı vəziyyətdədirsə, metroda da o cürdür: “Oğurluq da olur, bıçaqlanma da, xuliqanlıq da. Bu kimi halları nəzarətdə saxlamaq üçün metroda xüsusi müşahidə kameraları quraşdırılıb. Onların köməyi ilə bütün stansiya və depolara nəzarət etmək mümkündür. Məsələn, təkcə “İçərişəhər”də indi 32 müşahidə cihazı var. Elə stansiyalarımız var ki, orada 160-170 kamera quraşdırılıb. Ümumilikdə onların sayı 3200 ədəddir. Texnikanın sayəsində biz vaqonda baş verənləri də müşahidə edə bilərik. Bu yaxınlarda vaqonda bıçaqlanma hadisəsi baş vermişdi. Polis bölməsindən müraciət daxil oldu, biz də həmin kadrları tapıb, baş verənləri izlədik. Cinayəti törədənlərin şəkilləri çıxarıldı və onlar saxlanıldılar. Bu kimi hallar nəzərə alınaraq, metrodakı müşahidə kameralarının çəkdiyi kadrlar bir ay saxlanılır”. 
 

O, Bakı Metropolitenində dilənçilər və bomjların insanları narahat etməsi ilə bağlı şikayətlərə də münasibət bildirib. Bakı Metropoliteninin rəisi hamı kimi dilənçinin də hüququ olduğunu söyləyib: “Digər sərnişinlər kimi onlar da 20 qəpik ödəyib metroya daxil olur və vaqona minir. Sonra vaqonda dilənməyə başlayır. Biz nəzarət üçün hər vaqona 1 polis təhkim edə bilmərik. Təbii ki, polis və yaxud metro işçisi onların diləndiklərini, camaatı narahat etdiklərini görəndə saxlayırlar. Saxlanılan dilənçilər bir qayda olaraq, Binəqədi polis bölməsinə göndərilir. Həmin dilənçiləri orada bir neçə saat saxladıqdan sonra gərək onları yerlə, qida ilə təmin edəsən. Bu isə mümkün deyil. Ona görə də saxlanılan dilənçilər bir neçə saatdan sonra buraxılır və onlar yenidən “iş başına” qayıdırlar. Bəzən əməkdaşlarımız onları tanıyanda saxlayırlar. Bizim əlimizdən gələn yalnız budur. Onların sərnişinləri narahat etməməsi üçün bacardığımız qədər mübarizə aparırıq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1955

Oxşar yazılar