1995-ci il. Moskva Kreml. Prezident Yeltsin müxtəlif sahələrdə fərqlənmiş şəxslərə dövlət mükafatını təqdim edir; medallar, ordenlər, fəxri fərmanlar. Və bu vaxt növbəti təltif barədə anons verilir: “Rusiya Federasiyasının qəhrəmanı adıyla, Rusiya Federasiyası qarşısında xidmətlərinə görə, Davud Hüseyn oğlu Paşayev təltif edilir”.
Zala toplaşanların çoxu bəlkə də bu adı ilk dəfə idi ki, eşidirdilər. Ona görə də səhnəyə kimin çıxacağını səbirsizliklə gözləyirdilər… Deyəsən, elə Yeltsin də onu ilk dəfəydi görürdü…
(Əvvəli bu linkdə http://news.lent.az/news/249195)
***
Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə Varvara Sergeyevna adlı xanımla tanış olur Hüseyn bəy. Tezliklə evlənirlər. 1935-ci ildə ilk övladı dünyaya gəlir. Adını Kazım qoyurlar. Kazım Qorki adına Politexnik İnstitutunu bitirir. Tale onu sonradan Bakıya da gətirib çıxarır. Bir müddət Bakı kondisionerlər zavodunun baş direktoru işləyir. Bundan sonra Paşayevlərin ailəsində daha 3 uşaq dünyaya gəlir. Onlardan ikisi - Nina və Pəri sonradan Tibb İnstitutunu bitirirlər. Ailənin sonuncu övladı isə Davuddur. Rusiya Federasiyasının gələcək Qəhrəmanı.
Davud orta məktəbi əla qiymətlərlə bitirir. Ural Politexnik İnstitutuna daxil olur. Elə gələcəyin prezidenti Boris Yeltsin də bu ali məktəbi bitirmişdi. 1963-cü ildə bu ali məktəbi bitirən kimi onu təyinatla SSRİ Gəmiqayırma Dövlət Komitəsinin nəzdində olan “Şimal maşınqayırma müəssisəsi” İstehsalat Birliyinə göndərirlər. Hə, onu da qeyd edək ki, Davud adı çəkilən ali məktəbin “Atom enerji qurğularının layihələşdirilməsi və istismarı” adlı yeni ixtisası üzrə ilk məzunlarından idi.
Yeri gəlmişkən, Davudun, gələcəyin qəhrəmanının həyat yoluna qayıdacağıq. Amma burda bir məqamı qeyd edim. Hüseyn Paşayev az qala 40 ildən sonra vətəninə - Azərbaycana qayıda bilir: 1961-ci ildə. Paşayev Pirşağı kəndində yerləşən sovxoza direktor təyin olunur. Və çox yox, 3 ildən sora “Lenin” ordeninə layiq görülür.
***
...Davud adı çəkilən müəssisədə usta köməkçisindən baş direktoradək şərəfli əmək yolu keçir. Məxfi bir sahədə işlədiyindən uzun müddət ən yaxın qohumları ilə təmasdan belə məhrum olur. 1988-ci ildə həmin istehsalat birliyinin - Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru təyin edilir. Davud Paşayev həmin müəssisənin tarixində kollektiv tərəfindən seçilən yeganə rəhbər olub. “Sevmaş” “Akula”, “Antey”, “Bars” kimi strateji təyinatla gəmilər məhz onun rəhbərliyi dövründə inşa edilib.
Davud Paşayevi nahaq yerə Rusiya atom sualtı qayıqlarının atası, xilaskarı adlandırmırdılar. Onun rəhbərlik etdiyi zavodun yerləşdiyi Severodvinsk şəhərinin meri Mixail Qmırin müsahibələrinin birində demişdi: “Bu əfsanəvi insan böhranlı 90-cı illərdə Rusiyanın bütün hərbi gəmiqayırma sahəsini uçurumdan çıxardı. Severodvinsk bir şəhər kimi yox olub gedirdi. Şəhəri qurtardı. İstedadlı gəmiqayırma mühəndisi ağır iqtisadi şəraitdə misilsiz təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək, unikal tərsanələrin istehsalat və kadr potensialını qoruya bildi. Keçmiş SSRİ-nin əksər müəssisələrinin dayandırıldığı bir zamanda Davud Hüseynoviç zavodu və şəhəri dövlət səviyyəsində qoruya bildi”.
Onun ölümündən sonra məşhur rusiyalı jurnalist Andrey Mixaylov yazacaqdı: “Ölkədə aclıq, qıtlıq hökm sürürdü. Vəhşi illər yaşayırdı Rusiya. Bazar iqtisadiyyatı dedikləri yüksək səviyyəli kadrları məhv edirdi. Unikal atomçu mütəxəssislər “tolkuçka”larda alver edir, içkiyə qurşanıb zavodlardan qaçırdılar. Bu tunelin sonunda işıq görünmürdü. Və bu vaxt o, təşəbbüsü ələ aldı. Paşayev olmasaydı, Rusiyanın indiki supermüasir gəmilərə malik donanması da olmayacaqdı. Rusiya bunu heç vaxt unutmamalıdır”.
Hə, sonradan o da məlum olacaqdı ki, müəssisənin fəhlə və mühəndisləri məhz Paşayevin xətrinə gecə-gündüz, özü də çox vaxt əmək haqları aylarla gecikməklə işləyirdilər. Fəhlə və mühəndislərə direktorun soyadı ilə “Paşayev talonları” adlandırılan nağdsız hesablaşma talonları və hərəyə elə orada istehsal olunmuş iki kömbə çörək verirdilər. Bütün bunlara rəğmən, onlar direktorlarını sevirdilər. Bu ağır şəraitdə Paşayevin təklifi ilə sualtı qayıqların ən yeni, dördüncü nəsli inşa olunmağa başladı. Və həmin gəmilər bu gün də Rusiya Hərbi dəniz Qüvvələrinin xidmətindədir.
***
Və nəhayət, 1995-ci ildə Davud Hüseyn oğlu Paşayev Rusiya Qəhrəmanı adına layiq görüldü. O, Rusiya tarixində bu adı almış ilk və sonuncu istehsalat rəhbəri olub. Kremldə, Paşayevin sinəsinə “Qızıl ulduz”u taxan prezident Yeltsin protokoldan kənara çıxaraq onunla qısa söhbət də etmişdi. Sonra da əlini çiyninə vuraraq “Səninlə fəxr edirəm” demişdi.
Bundan sonra Davud Paşayev 2000 və 2006-cı illərdə Rusiyanın dövlət mükafatını alacaqdı. 2005-2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü olmuşdu.
Paşayevin həyatında ilginc məqamlar çoxdur. Məsələn, illərlə məxfilik şəraitində çalışmışdı. Hətta ailə üzvləri belə günlərlə onun harada olduğunu bilmirdilər. Çox az adama məlum idi ki, o, zərərli radiasiya şəraitində yeddi min saatdan çox işləmişdi. Suyun altında min saatdan çox vaxt keçirmişdi.
Dünyada həsəd aparılan “Prirazlomnaya” buzadavamlı stasionar dəniz platformasının layihəsi onun vaxtında verilmişdi, tikintisinə onun baş direktor olduğu dövrdə başlanmışdı.
***
Uzun illərin stressli və gərgin işi onun sağlamlığına ciddi ziyan vurmuşdu. 2009-cu ilin payızında o, ağır xəstəlik tapır. Uzun yaşamır. 2010-cu il aprelin 6-da dünyasını dəyişir. Maraqlıdır ki, ömrünün son illərini Moskvada yaşamışdı. Rusiya Qəhrəmanı kimi paytaxtda, lap Kreml divarları arasında belə dəfn edilə bilərdi. Amma o, Severodvinskdə dəfn olunmasını vəsiyyət etmişdi. Həmin o şəhərdə. O şəhərdəki onu da əslində ölməyə məhz Paşayev qoymamışdı…
SON