Sentyabrın 16-da İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qəbul imtahanında 700 bal toplayaraq UNEC-ə qəbul olan Şahbaba Məmmədovla görüşüb.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor yüksək nəticə əldə etməsi münasibətilə tələbəni təbrik edib, savadlı, bilikli gənclərin ölkənin fəxri olduğunu bildirib:”Gənclərin nailiyyətləri ilə hamımız qürur duyuruq. Bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti var”.
Rektor sonra yeni tədris ilində 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olan tələbələrlə görüşüb. Tələbə adını qazanması münasibəti ilə tələbələri təbrik edən rektor UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb.
Ə.Muradov UNEC-in hədəflərindən də söz açıb və bildirib ki, qarşıya qoyduqları əsas vəzifə İqtisad Universitetini dünya səviyyəli universitetə çevirməkdir: “Regionun iqtisadyönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC xaricdə filialı olan yeganə ali təhsil müəssisəsidir. Eyni zamanda, ölkədə İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq sertifikatı olan ilk dövlət universitetdir. Burada tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modeli tətbiq edilir. UNEC dünyanın 100-dən çox nüfuzlu universiteti ilə tələbə mübadiləsi həyata keçirir. Yeni tədris ilində UNEC-in 28 tələbəsi 6 ölkənin aparıcı universitetlərində təhsillərini davam etdirəcək”.
Rektor bu il UNEC-ə yüksək balla qəbul olunan tələbələrin sayında ciddi yüksəliş qeydə alındığını da vurğulayıb: “Sevindirici haldır ki, bu il imtahanlarda 600 və daha yüksək bal toplayan 290 nəfər UNEC-i seçib. Bu rəqəm 2014-2015-ci tədris ilində 93, 2013-2014-cü ildə isə 49 nəfər olub. Yeni tədris ilində UNEC-ə qəbul olanların arasında 6 nəfər Prezident təqaüdçüsü var”.
UNEC-in təqaüd proqramlarından söz açan rektor bildirib ki, 600-dən yuxarı bal toplayaraq qəbul olunan hər bir tələbəyə tədris ilinin ilk semestrində 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bundan başqa, UNEC imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verəcək.
Ə.Muradov tələbələrə UNEC-də həyata keçirilən “Gənc müəllim” və “Gənc professorlar” layihələri barədə danışıb: “Son iki ildə UNEC-ə dünyanın nüfuzlu ali məktəblərinin məzunları olan 200-ə yaxın gənc cəlb edilib. Əminəm ki, onlar elmi-tədqiqat işlərinizdə sizə dəstək olacaqlar”.
Rektor tələbələrə UNEC-in ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.