Azərbaycanda müğənnilərin çəkdirdikləri kliplərin əksəriyyəti keyfiyyətsiz olur, yaxud da konkret auditoriyaya hesablanmır. APA TV-nin “Səhər zəngi” proqramının qonağı olan rejissor Nail Naiboğlu bununla bağlı maraqlı açıqlamalar verib. Kliplərin xarici ölkələrdə çəkilməsinə münasibət bildirən rejissor deyib ki, əsas məsələ klipin hansı ölkədə çəkilməsi deyil, xarici kanallarda nümayiş etdirilməsidir: “Türkiyədə klip çəkdirirlər, mən onlara sual verirəm, sən bu klipi Türkiyə kanallarında nümayiş etdirəsən, ya yox? Cavab hamımıza məlumdur. Ona görə də bu gün elə lap Türkiyənin özündə Azəri qızı Güneldən başqa azərbaycanlı sənətçiləri tanımırlar”. Nail Naiboğlu əksər sənətçilərin sadəcə “mənim də klipim var” prinsipi ilə klip çəkdirdiyini deyib: “Elə buna görə də, o qədər olub ki, müğənniləri yola vermişəm”.
Proqramın qonağı olan müğənni Nigar Şabanova da bu fikirləri bölüşüb. O, Azərbaycan sənətçilərinin böyük potensialı olduğunu deyib: “Amma əksər hallarda onların bu potensialını ictimailəşdirmək çətin olur. Bu gün efirlərdə adətən xalq artistlərinin klipləri yayımlanır, gənclərə isə yol açılmır. İstərdik ki, onlara ayrılan vaxtdan bir az kəsib bizə versinlər”.