Millət vəkili Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabiq baş naziri Mari Kiviniemi ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva Mari Kiviniemi ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur rəsmi İrəvan tərəfindən həyata keçirilməməsindən və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkündən danışıb.
Millət vəkili Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın genişlənməsinin hər iki tərəf üçün önəmini xüsusi vurğulayıb. O, M. Kiviniemiyə Qarabağ həqiqətlərini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu da təqdim edib.
Görüş zamanı millət vəkili Q. Paşayeva Azərbaycanda qadın haqları, cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində görülən işlər barədə də məlumat verib.